BAKI, 25 sentyabr. TELEQRAF

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsinin müasir türk ləhcələri və ədəbiyyatları bölməsinin birgə əməkdaşlığı ilə “Eyni hilal altında: İki dövlətin şəhidlərinə vəfa” adlı tədbir keçirilib.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, səfirliyimizin və Ankara Universitetinin dəstəyi ilə keçirilən anım tədbirində 44 günlük Vətən müharibəsindəki zəfərimizə həsr olunmuş foto-sərgi təqdim olunub. Ankara Universitetinin Farabi zalında təşkil olunan proqramda şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, daha sonra Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirin açılışında Ankara Universitetinin müasir türk ləhcələri və ədəbiyyatları bölməsinin rəhbəri, professor F. Sema Barutcu Özönder, professor İrfan Albayrak, Ankara Universitetinin prorektoru professor Orhan Uzun və Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov çıxış ediblər.

Çıxış edənlər 27 sentyabr şəhidlərinin anım günü, 44 günlük Vətən müharibəsi, Azərbaycanın qazandığı şanlı zəfər və zəfərin əldə olunmasında şəhidlərimizin qəhrəmanlıqları, şücaətləri haqqında fikirlərini bölüşüblər.

Proqram çərçivəsində tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş “Düşmənə qarşı tək” adlı sənədli film nümayiş etdirilib.

Filmin nümayişindən sonra əməkdar artist Dilarə Əliyeva və filmin prodüseri, rejisor Fariz Əliyev sənədli filmin hazırlanma prosesi və məzmunu barədə məlumat verib, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun həyatı və qəhrəmanlığı haqqında fikirlərini bölüşüblər.

Tədbirin davamında Azərbaycan yazıçısı İradə Əlilinin “Vətənin cəsur döyüşçüləri I-II” və “Çubuk kahramanları, kahraman şehit Oğuz Özgür Çevik” adlı kitablarının təqdimatı keçirilib.

Daha sonra “Eyni hilal altında: İki dövlətin şəhidlərinə vəfa” mövzusunda panel təşkil olunub.

Türkiyə və Azərbaycanın şəhidlərinin əziz xatirəsinin yad edildiyi tədbirdə iki qardaş ölkənin ortaq tarixi yaddaşının, həmrəyliyinin və qardaşlıq bağlarının gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti bir daha vurğulanıb.