BAKI, 25 sentyabr. TELEQRAF

Hazırda pensiyalar hər il ölkə üzrə ortaaylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılır. Bu da yüksək məbləğli pensiyalarda baş verən artımlarla aşağı məbləğli pensiyalarda baş verən artımlar arasında ciddi fərqlərin yaranmasına gətirib çıxarır.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.

O bildirib ki, yeni islahatın əsas məqsədi bu sahədə optimallaşdırma həyata keçirməklə pensiyaların alıcılıq qabiliyyətinin və vətəndaşların rifahının qorunmasını daha səmərəli şəkildə təmin etmək, pensiya artımlarında sosial ədalət prinsipini gücləndirməkdir. Bu məqsədlə pensiyaların və fərdi hesablarda toplanan kapitalların indeksləşdirilməsində onların məbləğlərinə uyğun olaraq diferensial yanaşma tətbiq ediləcək. Başqa sözlə, artım pensiyaların və ya pensiya kapitalının məbləğindən asılı olaraq daha balanslı şəkildə həyata keçiriləcək.

“Ortaaylıq əməkhaqqı hazırda 1174 manat teşkil edir, yəni bu məbləğə qədər olan pensiyalar isə ümumi pensiyaçıların 90 faizdən çoxunu əhatə edir. Onlar 100 faiz indeksləşdiriləcək. Ondan yuxarı olan pensiyaların məbləğinin indeksləşdirilməsi isə əmsallar tətbiq edilməklə həyata keçiriləcək.

Beləliklə, yeni yanaşma pensiyaların və pensiya kapitallarının dəyərinin inflyasiya və iqtisadi dəyişikliklər fonunda qorunmasına, pensiyaçıların pensiyaların real gəlirlərinin və sosial rifahının təmin edilməsinə yönələcək”, - deyə komitə sədri qeyd edib.