BAKI, 24 sentyabr. TELEQRAF
Neftin xalis ixracatçısı olan Azərbaycanda neft qiymətlərinin artması nəticəsində ixrac gəlirləri ÜDM-ə nisbətən 3,9 faiz artıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) "Regional İqtisadi Perspektivlər" hesabatında qeyd edilib.
Bildirilib ki, 2026-cı ilin yanvar-aprel aylarında emal olunmuş neft məhsullarının idxal qiymətləri AYİB regionlarından kənarda yerləşən inkişaf etməkdə olan Asiya ölkələri və Saharadan cənubda yerləşən Afrika iqtisadiyyatlarında iki dəfə artıb. Latın Amerikasında qeydə alınan 69 faizlik və Avropa İttifaqındakı 54 faizlik artımla müqayisədə, AYİB regionlarında artım 62% təşkil edib.
Bu fərqlər ölkələrin illik neft idxalı xərclərinə təsirinin də fərqli olmasına səbəb olub. Nümunəyə daxil edilən əksər ölkələrdə idxal xərclərinin artımını əsasən dizel və aviasiya yanacağının qiymətlərinin yüksəlməsi şərtləndirib.
Bosniya və Herseqovina ilə Şimali Makedoniyada xalis neft idxalı xərclərinin artımı müvafiq olaraq ÜDM-in 3 və 2,3 faizinə çatıb. Neft emalı gücünə malik Litva və Macarıstan kimi ölkələrdə isə idxal xərclərinin artımı daha yüksək ixrac gəlirləri hesabına böyük ölçüdə kompensasiya olunub.