BAKI, 25 sentyabr. TELEQRAF

Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır.

Teleqraf xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin sentyabrın 25-də işə başlayan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətində yer alıb.

“Bu Forumun dünyanın müxtəlif ölkələrindən hökumətləri, beynəlxalq təşkilatları, maliyyə institutlarını, aparıcı şirkətləri, investorları və biznes dairələrini bir daha Bakıda bir araya gətirməsi dərin məmnunluq doğurur.

Builki Forumun mövzusu – “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal əlaqəliliyin və investisiya sabitliyinin dayağı kimi” – bu gün xüsusilə aktualdır. Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir, təchizat zəncirləri yenidən formalaşır, yeni nəqliyyat, enerji və texnoloji əlaqələr yaranır. Belə bir şəraitdə sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqlar investisiyalar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional əməkdaşlıq, əlaqəlilik, ticarət və investisiyalar üçün yeni imkanlar yaradır, eyni zamanda, daha dərin iqtisadi inteqrasiyaya və diversifikasiyaya dəstək verir”, - deyə müraciətdə qeyd edilir.

Prezident İlham Əliyev müraciətində bildirib: “Azərbaycan iqtisadiyyatı qlobal qeyri-müəyyənlik və geosiyasi çağırışlar fonunda yüksək dayanıqlıq nümayiş etdirib. İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib. 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil edib, qeyri-neft sənayesi 1,5 dəfə artıb, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlib. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatıb.

Bu dinamika sabit və proqnozlaşdırıla bilən biznes mühitinə əsaslanır. Ölkəmizdə təmin edilmiş makroiqtisadi sabitlik, investisiyaların qorunması və əlverişli sahibkarlıq mühiti investorların uzunmüddətli etimadı üçün möhkəm zəmin yaradır. Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış müasir infrastruktur, vergi və gömrük güzəştləri, habelə dövlət-özəl tərəfdaşlığı mexanizmləri və tərəfdaş ölkələrlə təsis edilmiş birgə investisiya fondları investorlara dayanıqlı layihələrdə iştirak etmək və bütün regiona texnologiya, kapital və təcrübə gətirən tərəfdaşlıqlar qurmaq üçün geniş imkanlar açır”.