BAKI, 16 sentyabr. TELEQRAF
Azərbaycanın Orta Dəhliz Dayanqlılıq İndeksindəki göstəricisi 1 üzərindən təxminən 0,5-dir.
Teleqraf xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında deyib.
O bildirib ki, bu, dayanqlılıq üçün yaxşı bazamız olduğu deməkdir.
"Həmçinin digər tərəfdən infrastrukturu təkmilləşdirmək, Türk Dünyasında və Orta Dəhlizdə İpək Yolunun rəqəmsallaşdırılmasını təmin etmək, vahid tariflərlə yanaşı bütün prosedurlar üçün "tək pəncərə" sistemini tətbiq etmək üçün geniş imkanlarımız mövcuddur", - o vurğulayıb.
V. Qasımlı əlavə edib ki, Qlobal ÜDM-də payımız 2%-dir, lakin qlobal bank aktivlərindəki payımız 0,8% təşkil edir:
"Yığımlarımız isə qlobal yığımların təxminən 3%-dir. Beləliklə, bu qiymətləndirmədən çıxan əsas nəticə və əsas çağırış TDT (Türk Dövlətləri Təşkilatı) regionunun iqtisadi və yığım potensialını yeni nəsil maliyyə həlləri vasitəsilə səfərbər etmək, onu məhsuldar investisiyalara və davamlı artıma yönəltməkdir. "Yeni nəsil maliyyə alətləri" dedikdə tokenləşdirmə, rəqəmsal reyestr texnologiyası (DLT), İslam maliyyəsi, süni intellekt kimi anlayışlar nəzərdə tutulur".