BAKI, 10 sentyabr. TELEQRAF
Dövlət Neft Fondu (ARDNF) və aparıcı suveren investorlarla Çin-ASEAN Birgə İnvestisiya Şurası (CAJIC) təsis edilib.
ARDNF-dən Teleqraf-a verilən məlumata görə, Şuranın digər təsisçiləri Çin İnvestisiya Korporasiyası (CIC), Tayland Hökumətinin Pensiya Fondu, Malayziyanın suveren sərvət fondu "Khazanah Nasional Berhad", Malayziyanın pensiya fondu "Kumpulan Wang Persaraan (Diperbadankan)" və İndoneziya İnvestisiya Qurumudur (INA).
Şuranın yaradılması Çinin Syamen şəhərində keçirilən 26-cı Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (CIFIT) çərçivəsində elan olunub.
Məlumata görə, Şuranın fəaliyyəti üç əsas istiqaməti əhatə edəcək: Tərəfdaşlıq və əlaqələrin inkişafı – investisiya forumları, dəyirmi masalar və rəhbər səviyyəli proqramlar vasitəsilə institusional əlaqələrin gücləndirilməsi; Bilik və təcrübə mübadiləsi – tədqiqatların aparılması, bilik və təcrübənin paylaşılması; Kapital və investisiya əməkdaşlığı – qarşılıqlı maraq doğuran sahələr üzrə ayrıca idarəetmə mexanizmləri əsasında investisiya təşəbbüslərinin həyata keçirilməsi.
“CAJIC”-nin təsisçi üzvü olaraq ARDNF qlobal institusional investor kimi öz təcrübəsi ilə Şuranın fəaliyyətinə töhfə verməklə yanaşı, regionun aparıcı suveren investisiya institutları ilə əlaqələrin genişləndirilməsini davam etdirəcək. Uzunmüddətli investor üçün etibarlı tərəfdaşlar, yerli bazarlar üzrə bilik və güclü institutlarla birgə investisiya imkanları kapitala çıxış qədər əhəmiyyətli ola bilər. Bu baxımdan, Şurada iştirak Fondun portfelinin uzunmüddətli şaxələndirilməsi və strateji tərəfdaşlıqların qurulması yanaşmasını tamamlayır, yüksək keyfiyyətli investisiya imkanlarına çıxışın genişləndirilməsinə xidmət edir," - deyə Fonddan bildirilib.