BAKI, 10 sentyabr. TELEQRAF

“Almaniya Rusiyanın NATO ölkələrinə qarşı hibrid kampaniyalarını gücləndirməsi fonunda müdafiə xərclərini artırır”.

Teleqraf xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohann Vadeful deyib.

XİN rəhbəri qeyd edib ki, Leypsiq hava limanında baş verən dron insidentindən sonra Rusiyadan gələn təhdid açıq şəkildə hiss olunmağa başlayıb:

“Bu, Rusiyanın Avropaya və NATO-ya qarşı artan təcavüzü fonunda baş verən son insidentdir. Heç bir illüziyaya qapılmamalıyıq: Rusiya yalnız hərbi baxımdan bizə təhdid yaratmır, həm də Ukraynaya qarşı təcavüzkar müharibəsini də davam etdirir”.

Vadeful bu kontekstdə hibrid və kiberhücumların, sabotajın, dezinformasiyanın, kritik infrastruktura hücumların, dronlarla bağlı insidentlərin və NATO-nun şərq cinahında yerləşən dövlətlərin hava məkanının pozulması hallarının getdikcə artdığını qeyd edib.

Xarici işlər naziri vurğulayıb ki, buna görə də NATO-nun iyul sammitində formalaşmış siyasi birliyi konkret imkanlarla möhkəmləndirmək və alyansın imkanlarını genişləndirmək vacibdir.

Yohann Vadeful məlumat verib ki, Almaniya bu il müdafiəyə 124 milyon avro investisiya qoyub, bu da ÜDM-in təxminən 2,7 faizini təşkil edir. 2029-cu ilə qədər bu göstərici ən azı 3,5 faizə (15 milyard avrodan çox) çata bilər. Bundan əlavə, Almaniyanın müdafiə ilə əlaqəli infrastruktura yatırdığı investisiyalar 1,5 faizə çatıb.

Vadeful NATO-dakı müttəfiqlərin Almaniya nümunəsini izləyəcəyinə ümid etdiyini bildirib.