BAKI, 10 sentyabr. TELEQRAF

Azərbaycanda qoruq ərazilərində minatəmizləmə fəaliyyəti zamanı daşınmaz tarix və mədəniyyət abidələri aşkar edilərsə, bu barədə aidiyyəti qurumlara məlumat veriləcək və ərazidəki işlər həmin qurumların icazəsi ilə davam etdiriləcək.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla "Abidə qoruqlarının nümunəvi Əsasnaməsi"nə, həmçinin "Keşikçidağ", "Atəşgah məbədi", "Yanar dağ", "İçərişəhər", "Qala", "Çıraqqala-Şabran", "Qədim Şəmkir Şəhəri", "Orta əsr Ağsu Şəhəri", "Beşbarmaq dağı", "Ordubad", "Tuğ", "Xınalıq və Köç yolu", "Pir Hüseyn Xanəgahı" və Zaqatala qoruqlarının əsasnamələrinə yeni bəndlər əlavə edilib.

Dəyişikliyə əsasən, qoruqların ərazisində minatəmizləmə zamanı aşkar edilən abidələrlə bağlı aidiyyəti üzrə Mədəniyyət Nazirliyinə, Dövlət Turizm Agentliyinə və ya tərkibində olduqları icra hakimiyyəti orqanlarına məlumat verilməsi və ərazidə minatəmizləmə işlərinin yalnız həmin qurumların icazəsi və nəzarəti altında davam etdirilməsi öhdəliyi müəyyənləşdirilib.