BAKI, 9 sentyabr. TELEQRAF

Azərbaycanda enerji keçidi fonunda elektrik şəbəkəsi və elektrik mühəndisliyi üzrə ixtisaslı kadrlara böyük ehtiyac var.

Teleqraf xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov deyib.

O bildirib ki, enerji keçidi və yaşıl enerjinin inkişafı dünyanın siyasi və iqtisadi çərçivəsini dəyişdirəcək əsas proseslərdəndir.

E.Soltanovun sözlərinə görə, bərpaolunan enerjinin dəyişkənliyinin idarə olunması elektrik şəbəkələri qarşısında duran əsas problemlərdən biridir.

“Yaşıl enerji şəbəkələr modernizə olunmadan mümkün deyil. Ona görə də bu gün elektrik şəbəkələri, elektrik mühəndisliyi, dəyişən və sabit cərəyan, transformatorlar və ümumilikdə elektrik enerjisi sahəsində biliyi olan kadrlara çox böyük tələbat var”, - o vurğulayıb.

Nazir müavini Energetika Nazirliyində də bu sahə üzrə mütəxəssislərə ehtiyac olduğunu bildirib:

“Elektrik şəbəkəsindən başı çıxan bir insan bu dəqiqə ən böyük tələbatlardan biridir. Hətta bu keyfiyyətlərə, qabiliyyətə sahib olan insanı Energetika Nazirliyində əlimizdə şamla axtarırıq və axtarmağa da davam edəcəyik”