BAKI, 10 sentyabr. TELEQRAF
Fransa Futbol Federasiyası (FFF) FIFA prezidenti Canni İnfantinonun 2027-ci ildə keçiriləcək prezident seçkisində namizədliyinə dəstəyini geri çəkib.
Teleqraf xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.
Bildirilib ki, FFF prezidenti Filip Diallo bu qərarı bu gün icraiyyə komitəsinin iclasında rəsmən açıqlayıb.
Fransanın bu addımı İnfantinonun DÇ-nin yayım hüquqlarının bir hissəsini özəl fondlara satmaq planından sonra Avropadakı narazılığın artması fonunda atılıb. İngiltərə və İtaliya da daxil olmaqla, daha 10-a yaxın Avropa ölkəsinin İnfantinoya dəstəyini geri çəkdiyi qeyd olunur. Yaxın həftələrdə digər federasiyaların da oxşar qərar verəcəyi gözlənilir.
Fransa bununla UEFA və qurumun prezidenti Aleksander Çeferinin mövqeyini dəstəkləyib. UEFA-nın İnfantinoya qarşı mövqeyini sərtləşdirdiyi bildirilir.
Qeyd edək ki, FIFA prezident seçkisini 2027-ci ilin martında Mərakeşin paytaxtı Rabatda keçiriləcək konqresdə təşkil edəcək.