BAKI, 10 sentyabr. TELEQRAF
Bakı İqlim Həftəsində Türk sivilizasiyasında mədəni irs və biomüxtəlifliyin qorunması: Ortaq ənənələrdən ortaq fəaliyyətə” adlı panel sessiya keçirilib.
Teleqraf xəbər verir ki, panel sessiyada çıxış edənlər türk dövlətləri arasında ekoloji platformada əməkdaşlığın genişləndirilməsi və ortaq tarixi-mədəni irsin mühafizəsinin vacibliyini vurğulayıblar.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib ki,
Şuşanın 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan olunması mədəniyyətləri və institutları bir-birinə daha da yaxınlaşdırmaq üçün mühüm platformaya çevrilib.
Onun sözlərinə görə, bu təcrübəyə əsaslanaraq, eyni əməkdaşlıq ruhu təbiətin və biomüxtəlifliyin qorunması sahəsində də genişləndirilməlidir.
“Dağlardan və meşələrdən tutmuş çöllərə, bataqlıq ərazilərə və Xəzər dənizinə qədər regionumuz müxtəlif ekosistemlərə malikdir. Bununla yanaşı, təbii ehtiyatlardan istifadə və onların idarə olunması ilə bağlı bir çox ortaq ənənələrimiz də var.
Mədəni irsin təbiətin qorunması ilə əlaqələndirilməsi yolu ilə həm bu unikal landşaftların və ənənələrin mühafizəsini, həm də onların beynəlxalq səviyyədə tanınmasını gücləndirə bilərik”, - Muxtar Babayev vurğulayıb.
Milli Məclisin deputatı Hicran Hüseynova bildirib ki, bu gün müzakirə olunan mövzu çox mühüm və maraqlı istiqamətləri bir araya gətirir:
“Türk xalqlarının dünyagörüşündə təbiət sadəcə istismar ediləcək resurs kimi deyil, canlı varlıq, Ana Torpaq və mənəvi mənbə kimi qəbul olunur.
Türk sivilizasiyası, mədəni irs, biomüxtəliflik və güclü ailə dəyərləri nəsildən-nəslə ötürülən və inkişafın bir-biri ilə sıx bağlı əsas sütunlarıdır. Hamımızın bildiyi kimi, ailə mədəni irsin əsas daşıyıcısıdır”.
Milli Məclisin deputatı Nigar Arpadarai qeyd edib ki, türk dövlətləri arasında
biomüxtəlifliyin qorunması, su ehtiyatlarının idarə olunması, torpaqların bərpası və iqlimə dözümlülük üzrə daha güclü əməkdaşlıq qurulmalıdır: “Elmi bilikləri, texnologiyanı və qabaqcıl təcrübələri bölüşə bilərik. Ənənəvi bilik və təcrübələri qorumaq üçün də birlikdə işləyə bilərik.
Biz birgə regional təşəbbüslər, birgə tədqiqat proqramları və yerində birgə layihələr hazırlamalıyıq”.
Qazaxıstan nümayəndəsi Saken Kalkamanov
Qazaxıstanın Aral dənizinin bərpası üçün layihələr həyata keçirdiyini deyib:
“XX əsrin 60-cı illərindən başlayaraq suvarma üçün suyun kütləvi şəkildə götürülməsi Aral dənizində su balansını pozub. 2011-ci ilə qədər Aral dənizi su həcminin təxminən 90 faizini itirib, 2014-cü ildə isə Cənubi Aralın şərq hissəsi peyk görüntülərində ilk dəfə tamamilə yoxa çıxıb. Qurumuş dəniz dibindən qalxan duz və çirkləndirici maddələr toz fırtınaları vasitəsilə böyük məsafələrə yayılır. Qazaxıstanın digər ərazilərində isə əsas məqsəd torpaqların saksaul bitkisi ilə möhkəmləndirilməsi və tozun yayılmasının azaldılmasıdır. 2021–2025-ci illərdə ölkə ərazisində bu işlər 792 min hektarı əhatə edib”.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva qeyd edib ki,
2020-ci il noyabrın 3-dən etibarən işğaldan azad olunmuş ərazilərdəki 749 abidədən 575-də inventarlaşdırma işləri aparılıb:
"İnventarlaşdırma aparılan abidələrdən 196-sı Şuşa şəhərində yerləşir. İnventarlaşdırma zamanı çöl tədqiqatları aparılıb, abidələrin rəqəmsal xəritələri hazırlanıb, fotoşəkilləri çəkilib və dron vasitəsilə görüntüləri qeydə alınıb. Eyni zamanda, arxiv sənədləri və digər mənbələr də araşdırılıb. Monitorinqlər göstərib ki, işğal dövründə mədəni irsimizə ciddi ziyan vurulub, abidələr dağıntı və vandalizmə məruz qalıb. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb. Lakin Qarabağ və Şərqi Zəngəzur ərazisindəki abidələrin sayı bundan qat-qat çoxdur. Abidələrdən 115-i genişmiqyaslı dağıntılara məruz qalıb, digərləri isə müxtəlif dərəcədə zədələnib. Hazırda 434 abidəyə dəymiş ümumi maddi ziyanın məbləği 700 milyon 154 min manat qiymətləndirilir. Konkret olaraq, işğaldan azad edilmiş ərazilərdə dövlət qeydiyyatında olan 9 türbə, 3 qəbiristanlıq və 7 məscid tamamilə dağıdılıb. Daha 25 məscid, 14 türbə və 2 sərdabə isə müxtəlif dərəcədə zərər görüb".