BAKI, 10 sentyabr. TELEQRAF
Qarabağda və Şərqi Zəngəzurda yerləşən 130 abidənin inventarlaşdırılması hələ başa çatmayıb.
Teleqraf xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-nın (BCAW 2026) dördüncü günündə çıxışında deyib.
Səbinə Hacıyeva bunun əsas səbəbinin ərazinin hələ də minalarla çirklənmiş olması ilə əlaqələndirib.
Dimət rəisinin sözlərinə görə, 2020-ci il noyabrın 3-dən etibarən işğaldan azad olunmuş ərazilərdəki 749 abidədən 575-də inventarlaşdırma işləri aparılıb: "İnventarlaşdırma aparılan abidələrdən 196-sı Şuşa şəhərində yerləşir. İnventarlaşdırma zamanı çöl tədqiqatları aparılıb, abidələrin rəqəmsal xəritələri hazırlanıb, fotoşəkilləri çəkilib və dron vasitəsilə görüntüləri qeydə alınıb. Eyni zamanda, arxiv sənədləri və digər mənbələr də araşdırılıb.
Monitorinqlər göstərib ki, işğal dövründə mədəni irsimizə ciddi ziyan vurulub, abidələr dağıntı və vandalizmə məruz qalıb. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb. Lakin Qarabağ və Şərqi Zəngəzur ərazisindəki abidələrin sayı bundan qat-qat çoxdur.
Abidələrdən 115-i genişmiqyaslı dağıntılara məruz qalıb, digərləri isə müxtəlif dərəcədə zədələnib. Hazırda 434 abidəyə dəymiş ümumi maddi ziyanın məbləği 700 milyon 154 min manat qiymətləndirilir. Konkret olaraq, işğaldan azad edilmiş ərazilərdə dövlət qeydiyyatında olan 9 türbə, 3 qəbiristanlıq və 7 məscid tamamilə dağıdılıb. Daha 25 məscid, 14 türbə və 2 sərdabə isə müxtəlif dərəcədə zərər görüb".