BAKI, 10 sentyabr. TELEQRAF

Avqustda "Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında qeyd edilib.

Hesabata görə, buna Avropada sabit tələb və orta distillatların güclü marjası dəstək verib. "Azeri Light" xam neftinin qiyməti aylıq müqayisədə 0,93 ABŞ dolları/barel artaraq "North Sea Dated" neftinə nisbətdə 6,02 ABŞ dolları/barel yüksəlib.

Aralıq dənizində xam neft üzrə diferensiallar müxtəlif istiqamətlərdə dəyişib. "CPC Blend" Qazaxıstan neftinin qiyməti bu növ üzrə ixracın bərpası və nafta marjasının zəifləməsi fonunda aşağı düşüb. Avqustun son həftəsində "CPC Blend" yükləmələri kəskin artıb ki, bu da təklifin və digər yüngül neft markaları ilə rəqabətin artmasına səbəb olub.

"CPC Blend" xam neftinin qiyməti aylıq müqayisədə 1,91 ABŞ dolları/barel azalaraq "North Sea Dated" etalon neftinə nisbətdə 4,68 ABŞ dolları/barel endirimə düşüb.