BAKI, 10 sentyabr. TELEQRAF
Ukrayna Hərbi Hava Qüvvələrinin dron hücumundan sonra Rusiyanın “Rosneft” şirkətinə məxsus Ryazan neft emalı zavodu fəaliyyətini dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.
Ryazan NEZ-in əsas qurğusu AVT-6 və digər əsas qurğulardan biri AVT-4-nin fəaliyyətləri hücumdan sonra dayandırılıb.
Hücum zamanı yanğının baş verdiyi AVT-6 ildə 8 milyon metrik ton neft (gündə təxminən 160 min barel) emal etmək gücünə malikdir, bu da zavodun gücünün demək olar, yarısına bərabərdir.
AVT-4 isə ildə 4 milyon ton neft emal edə bilir.
Müəssisənin digər əsas qurğusu olan AVT-3 isə may ayının ortalarından etibarən bərpa olunur.
Məlumata görə, zədələnmiş qurğuların təmiri bir neçə həftəyə qədər davam edə bilər.
Ryazan NEZ 2024-cü ildə 13,1 milyon ton xam neft emal edib, bu da Rusiyada ümumi neft emalının təxminən 4,9 faizini təşkil edir. Müəssisə bu il 2,2 milyon ton benzin, həmçinin 3,4 milyon ton dizel yanacağı və 4,3 milyon ton mazut istehsal edib.
Moskvanı yanacaqla təmin edən Ryazan NEZ mayın 15-də və iyulun 29-da dron hücumlarına məruz qalıb. İlk hücumdan sonra zavodda təmir işləri təxminən iyulun ortalarınadək, ikincisindən sonra isə təxminən iki-üç həftə davam edib.