BAKI, 10 sentyabr. TELEQRAF

2030-cu il dünya çempionatının finalına ev sahibliyi edəcək ölkələrdən biri Mərakeş olacaq.

Teleqraf xəbər verir ki, Mərakeş Kral Futbol Federasiyasının prezidenti Fövzi Lekjaa FIFA-nın hələ rəsmi qərar verməməsinə baxmayaraq, turnirin finalının Benslimandakı “Grand Stade Hassan II” stadionunda keçiriləcəyini açıqlayıb.

Lekjaa bu barədə “Autentiklik və Müasirlik” Partiyasının Buznika şəhərində təşkil olunan tədbirində danışıb.

“Bilməli olduğunuz şey budur ki, Bensliman əyaləti 2030-cu il dünya çempionatının finalına ev sahibliyi etmək şərəfinə nail olacaq”, - deyə federasiya prezidenti bildirib.

O, finalda Mərakeş və Fransa yığmalarının qarşılaşmasını da arzuladığını deyib: “İnşallah, Mərakeş və Fransa arasında final baş tutar və biz qisasımızı alarıq”.

Qeyd edək ki, 2030-cu il dünya çempionatını İspaniya, Portuqaliya və Mərakeş birgə təşkil edəcək. Buna baxmayaraq, FIFA hələ final qarşılaşmasının keçiriləcəyi stadionu rəsmən açıqlamayıb.

Mərakeş final üçün əsas namizəd kimi Benslimanda inşa olunan “Grand Stade Hassan II”ni göstərir. Stadionun tutumunun təxminən 115 min tamaşaçı olacağı gözlənilir. Tikinti işlərinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.

Finala ev sahibliyi uğrunda İspaniyanın “Real Madrid” və “Barselona” klublarının stadionları – “Santyaqo Bernabeu” və “Spotify Kamp Nou” da namizədlər sırasındadır.