BAKI, 20 iyul. TELEQRAF
Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Rusiyanın Novorossiysk şəhərinin yaxınlığında yerləşən Qara dəniz terminalında neft yükləyən "Nelsa" tankerinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
Teleqraf xəbər verir ki, bu barədə Konsorsiumun "Telegram" kanalında məlumat yayımlanıb.
Bildirilib ki, nəticədə gəminin göyərtəsində və bir neçə bölməsində yanğın baş verib və hücumdan sonra neftin yüklənməsi dayandırılıb. Bununla belə, neft sızması və ya çənlərdə neftin alışması qeydə alınmayıb.
Məlumatda bildirilir ki, PUA gəminin sağ arxa hissəsində, üst tikili ilə mühərrik bölməsi arasına dəyib. Hücumdan sonra tanker suyun üzərində qalmağa davam edib. Gəmidə olan 22 nəfərlik beynəlxalq heyət CPC-nin ehtiyatda olan gəmiləri ilə təxliyə edilib. Yalnız kapitan və baş köməkçi gəmidə qalıb.