BAKI, 20 iyul. TELEQRAF
Sabah paytaxt və Astaranın bəzi ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bu barədə Teleqraf-a “Azərişıq” ASC-dən məlumat verilib.
Məlumata görə, bu gün Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 13:00-dək Elşən Süleymanov küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Astara Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan 35 kV-luq "Lovayın" hava xəttində təmir işləri həyata keçiriləcək. Planlı fasilə saat 15:00-dan 16:00-dək Pensər, Kakalos, Şahağacı, Lovain, Siyaku, Hamoşam, Toradi, Təngərud, Çayoba kəndlərinin bir hissəsini əhatə edəcək.
Qurumdan bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.