BAKI, 20 iyul. TELEQRAF

Hazırkı dinamika davam edərsə, Avropa payız-qış mövsümünün başlanğıcına qədər anbarlarını cəmi 70-75% səviyyəsində doldura biləcək. Bu isə istilik mövsümünün başlanğıcı üçün tarixdə ən aşağı göstərici olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.

Məlumata görə, Avropa İttifaqı (Aİ) ölkələrinin iyulda anbarlara ehtiyat toplama tempi 2011-ci ildən bəri aparılan müşahidələr dövründə ən aşağı səviyyələrdən biridir.

Apreldə başlayan 2026-cı ilin yay mövsümündən bəri Aİ ölkələrinin yeraltı qaz anbarlarına vurduğu qazın xalis həcmi 28 milyard kubmetri ötüb. Bu, qarşıdakı qış üçün tələb olunan həcmin cəmi 41%-ni təşkil edir.

Qeyd edək ki, Avropa Komissiyasının tələbinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək olan dövrdə yeraltı qaz anbarlarının doluluq səviyyəsini 90%-ə çatdırmalıdır. Anbarların doldurulması ilə bağlı çətin şərait yarandıqda isə 10%-lik elastiklik tətbiq oluna bilər.

Beləliklə, 2026–2027-ci illərin payız-qış mövsümünün başlanmasına qədər normativ tələbin yerinə yetirilməsi üçün Avropa anbarlarına ən azı 68 milyard kubmetr xalis qaz vurulmalıdır.

Hazırda Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 53,67% təşkil edir. Anbarlarda 58,7 milyard kubmetr qaz mövcuddur ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12 milyard kubmetr azdır.

Qaz saxlama gücü ən yüksək olan ölkələrdə də doluluq səviyyəsi aşağı olaraq qalır. Belə ki, Almaniyada anbarlar 45,2%, Fransada 52,6%, Avstriyada 58,3%, İtaliyada 72,2%, Niderlandda 32,4% doludur.

Bundan əlavə, Slovakiyada anbarların doluluq səviyyəsi 41,2%, İspaniyada 72,3%, Macarıstanda 56,5%, Çexiyada 55,7%, Rumıniyada 55,5%, Bolqarıstanda 35,7%, Belçikada 29,2%, Danimarkada 55,5%, Latviyada 43%, Xorvatiyada isə 50,3% səviyyəsindədir.