BAKI, 20 iyul. TELEQRAF
İranın xüsusi xidmət orqanları tərəfindən Tehrandakı Fransa səfirliyinin iki əməkdaşının həbsi nəticəsiz qalmayacaq.
Teleqraf xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.
Barro bazar günü axşamı diplomatik missiyanın iki əməkdaşının son dərəcə ciddi bir hədə-qorxu aktının qurbanı olduğunu vurğulayaraq, hadisəni diplomatik toxunulmazlığın kobud şəkildə pozulması kimi xarakterizə edib.
Onun sözlərinə görə, diplomatlar heç bir əsas olmadan bir neçə saat saxlanılıb, dindirilib və bir halda fiziki zorakılıq tətbiq edildikdən sonra buraxılıblar.
Baro iki işçinin hazırda təhlükəsiz vəziyyətdə olduğunu və yaxın saatlarda Fransaya qayıdacağını bildirib.
Nazir əlavə edib ki, hadisə xüsusilə məyusedicidir, çünki bu işçilər vətəndaş cəmiyyətini dəstəkləyən Fransa proqramlarına, xüsusən də İran sənətçilərinə və alimlərinə yardıma görə məsul idilər.
İran tərəfi baş verən hadisə ilə bağlı heç bir açıqlama verməyib.