BAKI, 21 iyul. TELEQRAF

İsrail ordusu Livanın cənubundakı “pilot zonalar”da Livan Silahlı Qüvvələri ilə fəaliyyətin əlaqələndirilməsinə başlandığını təsdiqləyib.

Teleqraf xəbər verir ki, İsrail Müdafiə Ordusunun mətbuat xidməti prosesin ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) və Livan ordusunun iştirakı ilə həyata keçirildiyini bildirib.

Açıqlamaya görə, “Təhlükəsiz zona” adlı pilot proqram çərçivəsində İsrail, ABŞ və Livan ordularının nümayəndələri razılaşmanın sonrakı mərhələlərinin icrasını planlaşdırırlar.

Sözügedən razılaşma İsrail hərbçilərinin Livan ərazisindən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur. İsrail ordusu qoşunların çıxarılması prosesinin təfərrüatlarını açıqlamayıb, lakin razılaşmanın pozulması cəhdlərinə sərt cavab veriləcəyini bildirib.

ABŞ Dövlət Departamenti daha əvvəl İsrail qüvvələrinin çıxarılmalı olduğu üç pilot zonanın Livanda fəaliyyətə başladığını açıqlayıb.

Qeyd edək ki, iyunun 26-da Livan və İsrail Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə keçirilən beş məsləhətləşmənin yekununda çərçivə sazişi imzalayıblar. Saziş Livan ordusunun ölkənin bütün ərazisində suveren nəzarəti bərpa etməsini, İsrailin isə nəzarətində saxladığı ərazilərdən çıxmasını nəzərdə tutur.