BAKI, 23 may. TELEQRAF
Milli Lider Heydər Əliyevin 102 illik yubileyinə həsr olunan “Paylayıcı Şəbəkələrin Gənc Mütəxəssislərinin Peşə Ustalığı” yarışmasının ikinci mərhələsində Azərişıq Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan qurumlarda yaradılmış xilasetmə dəstələri müxtəlif fövqəladə vəziyyətlərdə tətbiq ediləcək davranış qaydalarını nümayiş etdirəcəklər.
Teleqraf xəbər verir ki, yarış iştirakçıları dörd fərqli hadisə ssenarisi üzrə bilik və bacarıqlarını göstərəcəklər.
Sözügedən ssenarilər A, B, C və D variantları kimi təsnif olunub:
A variantı – Gərginlik altında qalmış şəxsin təhlükəli zonadan təxliyəsi "Qız Qalası", "Şirvanşahlar", "Odlar Yurdu" və "Naxçıvan" komandaları tərəfindən nümayiş etdirilir.
B variantı – Yanğınsöndürmə balonlarından istifadə və yanğının aradan qaldırılması üsulları "Xaçmaz", "Qarabağ" və "Aran" komandalarının təqdimatında göstərilir.
C variantı – Zərərçəkmiş şəxsə süni tənəffüs və ürəyə xarici masaj tətbiqi "Qərb", "Cənub" və "Şimal-qərb" komandaları tərəfindən icra olunur.
D variantı – Fərdi mühafizə vasitələrinin düzgün istifadə qaydaları "Şirvan", "Sumqayıt" və "Mərkəzi-Aran" komandaları tərəfindən nümayiş etdirilir.
Xatırladaq ki, yarışın birinci gün ötən gün Ağdamda baş tutmuşdu.