BAKI, 20 dekabr. TELEQRAF
"Lukoil" yanvarın 17-nə qədər xarici aktivlərini realizə etməlidir. Hazırda sanksiya tətbiq edilən şirkətlə bağlı hər hansı əməliyyat ABŞ Maliyyə Nazirliyinin xüsusi icazəsi ilə icra edilir.
Teleqraf xəbər verir ki, sanksiyaların əsas məqsədi Rusiyanın Hindistan və Çinə karbohidrogen ixracını azaltmaq, Rusiya neftinə endirimi artırmaq və ölkənin büdcə gəlirlərini azaltmaqdır.
Rusiya artıq məhdudiyyətlərin ilk bəhrələrini hiss edib. İkinci dərəcəli sanksiyalar təhlükəsi Hindistan və Çin şirkətlərini Rusiya neftinin idxalını azaltmağa məcbur edib.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, noyabr ayında Rusiyanın ixracı 420.000 barel azalaraq gündəlik 6,86 milyon barelə düşüb. Urals markalı xam neftin qiyməti 8,20 dollar azalaraq barel üçün 43,52 dollara enib. Rusiyanın neft və qaz gəlirləri 2022-ci ilin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb. Rusiya Maliyyə Nazirliyi yanvar-noyabr ayları ərzində neft və qaz büdcəsi gəlirlərində illik müqayisədə 22,4% azalma olduğunu açıqlayıb. Bu da əsasən neftin orta qiymətinin azalması ilə bağlıdır.
"Lukoil"in bir çox ölkədəki layihələri artıq sanksiyaların təsirini hiss edib. Məsələn, Azərbaycan mediasının məlumatına görə, şirkət dollarla hesablaşmaların qadağan edilməsi səbəbindən "Şahdəniz" qaz-kondensat yatağında ("Lukoil"in 19,99% paya sahib olduğu) nağd pul tələbi öhdəliyini (müqavilədə nəzərdə tutulduğu kimi səhmdarlar tərəfindən xərclərin ödənilməsi) yerinə yetirə bilməmək riski ilə üzləşib. Qərbi Qurna-2-də "Lukoil" fors-major vəziyyət elan etmək məcburiyyətində qalıb, çünki İraq sanksiyalar səbəbindən həm nağd, həm də neftlə ödənişləri dayandırıb.
Bu şəraitdə bəzi ölkələr "Lukoil"in ərazilərindəki layihələrinin taleyi ilə bağlı Vaşinqtonla birbaşa danışıqlara başlayıblar. Qazaxıstan ABŞ Maliyyə Nazirliyi ilə "Tengizchevroil" ("Lukoil"in payı cəmi 5%) və "Karaçaqanak" (13,5%) yataqlarının istismarı, eləcə də bu layihələr üçün neft-mədən xidmətləri və digər əlaqəli xidmətlərin göstərilməsi üçün ümumi lisenziya almaq barədə razılığa gəlib. Qazaxıstan neftini qlobal bazarlara tədarük edən Xəzər Boru Kəməri Konsorsiumu ("Lukoil"in payı 12,5%) üçün də oxşar icazə alınıb.
Qazaxıstanın energetika nazirinin müavini Sanjar Jarkeşov oktyabrın sonlarında bildirib ki, "Lukoil"in layihələrdəki payların satın alınması və ya yenidən bölüşdürülməsi məsələsi hazırda beynəlxalq məsləhətçilərlə müzakirə olunur. Dekabrın əvvəlinə olan məlumata görə, "KazMunaiGas" şirkət hələ də layihələrin hərtərəfli qiymətləndirilməsini aparır.
Özbəkistan, ABŞ ilə birlikdə hələ də qaz yataqları üçün seçimlər axtarır və Vaşinqtondan təxirə salma istəyib.
Digər ölkələr yanacaq böhranının qarşısını almaq və ABŞ sanksiyalarına riayət etmək üçün milli qanunvericiliklərini təcili olaraq dəyişdirirlər. Məsələn, Bolqarıstan kritik infrastruktur obyektlərinin xarici idarə olunmasına icazə verən qanun qəbul edib. Ölkənin ən böyük neft emalı zavodu olan "Lukoil-Neftohim Burqas" hazırda Milli Gəlir Agentliyi tərəfindən idarə olunur. Oxşar qanunvericilik Rumıniyada da hazırlanır.
Məsələn, Moldova Kişinyov hava limanı üçün "Lukoil-Moldova"dan yanacaq terminalı alıb. Rumıniyadan yanacaq tədarükünə razılıq verib. Bundan əvvəl Moldovanın energetika naziri Dorin Yunqietu "Lukoil"in törəmə şirkətinin aktivlərini - yanacaqdoldurma məntəqələri şəbəkəsini və üç neft məhsulları saxlama məntəqəsini almaq planlarını açıqlamışdı. Lakin, dekabrın 15-də Baş nazir Dorin Munteanu hava limanının yanacaq terminalının "Lukoil"dan müsadirə edilərək dövlət mülkiyyətinə çevrilməsi qərarını, eləcə də terminalın mülkiyyətinin "Lukoil"a verilməsi ilə bağlı gözlənilən istintaqla bağlı son məlumatları açıqladı.
İraq Neft Nazirliyi iki İraq "Lukoil"in layihələrini - "Basra Oil" və "Missan Oil"i xarici idarəetməyə verib. Daha sonra İraq ABŞ şirkətlərinə müraciət edərək "Qərbi Qurna-2"də "Lukoil"u əvəz etmələrini istəyib. Dünyanın ən böyük yatağının yeni sahibi rəqabətli tender prosesi vasitəsilə seçiləcək. Bloomberg mənbələrinə görə, ABŞ hakimiyyəti bu ideyanı dəstəkləyib.
Rusiyalı ekspertlərin iddialarına görə, son altı həftə ərzində "Lukoil"in xarici aktivləri ilə bağlı heç bir sövdələşmə bağlanmayıb. Optimal variantların tapılması və onların ABŞ Maliyyə Nazirliyi ilə əlaqələndirilməsi prosesi 2026-cı ilin sonuna qədər uzana bilər.
"Lukoil"in xarici aktivləri üçün ilk təklif verən (2014-cü ilə qədər Rusiya milyarderi) Rusiya Prezidenti Vladimir Putinin dostu Gennadi Timçenkonun ortaq mülkiyyəti olan İsveçrə neft treyderi "Gunvor" olub. "Gunvor" "Lukoil"in xarici portfelini tək bir lot üzrə atın almaq istəyirdi. Lakin ABŞ Maliyyə Nazirliyi, "Gunvor"u "Kreml kuklası" adlandıraraq müqaviləni rədd etdi. Bundan sonra, "Gunvor"un baş direktoru şirkətdən istefa verdiyini və 85%-lik payının satıldığını elan etdi.
İsveçrəli treyderin yenidən şansını sınaması ehtimalı azdır.
Media orqanları həmçinin Səudiyyə Ərəbistanının "Midad Energy", "Abu Dhabi National Oil Co" və "IHC Holding" şirkətlərinin "Lukoil"in xarici aktivlərini almaq istədiyini açıqlayıb. Bundan əlavə Azərbaycanın SOCAR və Türkiyənin Cengiz Holding konsorsiumu və Macarıstanın MOL şirkəti ilə birlikdə Bolqarıstan və Rumıniyadakı neft emalı zavodlarını almaq imkanlarını qiymətləndirdiyi irəli sürülür.
Treyderlərə görə, hazırda yalnız iki real ssenari mövcuddur.
Birincisi, İraqdakı ən gəlirli mövqelərin və ehtimal ki, Afrika layihələrinin amerikalılara keçməsi ilə "Lukoil"un aktivlərinin hissə-hissə satışı və qalan hissələrin (yanacaqdoldurma məntəqələri, neft emalı, ticarət, azlıq payları) digər maraqlı tərəflər arasında bölüşdürülməsi, ikincisi, "Carlyle" kimi böyük bir fondun alıcı kimi çıxış etdiyi tək bir lot üzrə satışdır.
"Sberbank CIB"ə görə, əməliyyatların və sanksiyaların təcililiyi nəzərə alınmaqla, "Lukoil"in xarici aktivləri üçün endirim dəyərin 60-80%-ni, "Finam"a görə isə 20-30%-ni təşkil edə bilər.
Xatırladaq ki, ABŞ bu ilin oktyabr ayının 22-də “Lukoil” a qarşı sanksiya paketi elan edib. Şirkət "ən yüksək səviyyədə" məhdudiyyətləri nəzərdə tutan SDN siyahısına əlavə edilib. Beləliklə “Lukoil”un səhmlərinin 50%-dən çoxuna sahib olduğu bütün törəmə müəssisələri də məhdudiyyətlərə məruz qalıb.
"Lukoil” dünya neft istehsalının təxminən 2%-ni və təsdiqlənmiş karbohidrogen ehtiyatlarının təxminən 1%-ni təşkil edir. 27 xarici ölkədə təmsil olunur və 34 törəmə şirkəti var. Sanksiya paketində şirkətlərin hər birinin adı qeyd edilməsə də, qadağalar onları da əhatə edir. Çünki şirkətlərə dollarla əməliyyat aparmaq qadağan olunub. Eləcə də ABŞ vətəndaşlarına, bu ölkədə işləyən şirkətlərə "Lukoil" ilə hər hansı ticari və hüquqi əlaqələr qadağan edilib.
"Lukoil" on ölkədə, o cümlədən Azərbaycanda kəşfiyyat və hasilat layihələrini həyata keçir. Belə ki, “Şahdəniz” yatağının işlənməsində iştirak (2022-ci ildə şirkət payını 10%-dən 19,99%-ə qədər artıraraq “Petronas”ın payı tamamilə satın aldı. 9,9 faizlik pay üçün 1,45 milyard dollar ödəyib.) edir.
Bundan əlavə İraqda – dünyanın ən böyük yataqlarından biri olan "Qərbi Qurna-2" yatağının işlənməsi və hasilatında, Qazaxıstanda – "Karaçaqanak" (13,5%) və "Tengiz" (5%) layihələrində, Özbəkistanda – "Qandım-Xauzak-Şadı" və "Hisar" layihələrinin işlənməsində, Misirdə – "Meleiha" (“Lukoil”un ilk xarici istehsal layihələrindən biri, 24%), "WEEM" və "WEEM Extension"da iştirak edir.
Şirkət Kamerunda – Etinde ərazisində dərin su layihəsində 20%, Nigeriyada – "OML"-140 blokunda dərin su layihəsində 18%, Qanada – "Dərin Su Tano/Cape Three Points" layihəsində, Meksikada – "Amatitlan", eləcə də "Bloklar"da 10, 12, 28% paya sahibdir. BƏƏ-də – Fars körfəzindəki Qaşa konsessiyasında 5% və Konqo Respublikasında – "Marine XII" dəniz layihəsində 25% payı var.
"Lukoil" üç ölkədə neft emalı zavodunun səhmdarıdır. Bunlar Rumıniyada "Petrotel Lukoil", Bolqarıstanda "LUKOIL Neftokhim Burgas" və Hollandiyada "Zeland" neft emalı zavodlarıdır (45% paya malikdir).
"Lukoil Lubricants" şirkəti isə Avstriya, Finlandiya, Rumıniya, Türkiyə və Qazaxıstanda yağlar, sürtkülər və digər texniki mayelər istehsal edir. Şirkət həmçinin ABŞ, Türkiyə və İtaliyada geniş yanacaqdoldurma məntəqələri şəbəkəsini idarə edir.
Bundan əlavə, "Lukoil" Xəzər Boru Kəməri Konsorsiumunun ən böyük səhmdarlarındandır(12,5%).
“Lukoil” xarici aktivlərini “Lukoil International” vasitəsilə idarə edir. Şirkəti iki il fasilədən sonra bu həftə 2022-ci il üzrə maliyyə hesabatını dərc edib. KPMG audit şirkətinin nəticələrinə görə, “Lukoil International”ın 2022-ci ildə gəliri 95 milyard avro, xalis mənfəəti isə 7,8 milyard avro olub.