BAKI, 22 dekabr. TELEQRAF

“Bakı Metropoliteni” QSC ötən ili 139,616 milyon manat zərərlə başa vurub.

Teleqraf qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 81,6 % çoxdur.

Diqqəti çəkən zərər artımının QSC-nin sərnişindaşımadan gəlirlərinin yüksəlməsi fonunda baş verməsidir. “Bakı Metropoliteni” 2024-cü ildə 100.647 milyon manat gəlir əldə edib ki, bu da əvvəlki ilə nisbətən 20,6 faiz çoxdur.

Bir məqamı da xatırladaq ki, həmin ildə gedişhaqqı gediş haqqı 50 qəpiyə qaldırılıb və sərnişindaşıma 4,6 faiz artaraq 229,58 milyon nəfərə çatıb.

Sərnişin sayına görə ən çox istifadə edilən nəqliyyat növü olmasına baxmayaraq, metro illərdir zərərlə işləyir. Son hesabatdan da belə aydın olur ki, qurumun yığılmış zərəri 4,7 % artaraq 3,1 milyard manata çatıb. Onu da vurğulayaq ki, “Bakı Metropoliteni” illərdir sərnişindaşıma xidmətinin maya dəyərindən aşağı olması nəticəsində yaranan zərərin ödənilməsi məqsədilə büdcədən vəsait alır. 2026-cı il üçün quruma 40 milyon manat subsidiya nəzərdə tutulub. Qurum 2025, 2024 və 2023-сü illər üzrə əməliyyat zərərlərini qarşılamaq üçün Hökumətdən müvafiq olaraq 42,662 AZN, 50,000 AZN və 38,416 AZN məbləğlərində subsidiyalar alıb.

Hesabata əsasən metronun digər əməliyyat gəlirləri əvvəlki ilə nisbətən 4,4 % azalıb və 5,008 milyon manat təşkil edib. Vəsaitlərin dəyərsizləşməsi üzrə xərclər 86,6 %, xarici valyuta mübadiləsindən xalis zərər 6,3 dəfə artıb. İşçi heyəti ilə bağlı xərclər 86,284 milyon manat (15,4 % çox), elektrik enerjisi xərcləri 13,934 milyon manat (3,7 % çox), köhnəlmə və amortizasiya xərcləri 12,218 milyon manat (0,3 % çox), mal-material xərcləri 11,37 milyon manat (50,8 % çox), komissiya xərcləri 5,032 milyon manat (20,6 % çox), təmizlik xərcləri 4,09 milyon manat (8,9 % çox) təşkil edib.

Su xərcləri 3,392 milyon manatla 11 % azaldığı halda, yanacaq xərcləri 29,4 % artıb.