BAKI, 22 dekabr. TELEQRAF
Rusiyanın Çinə mayeləşdirilmiş təbii qaz (LNG) ixracı noyabrda tarixi maksimuma yüksəlib.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Qətərdən sonra Çinin ikinci ən böyük LNG təchizatçısına çevrilib.
Rusiyanın Çinə LNG tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq 1,6 milyon tona çatıb. Bu artım uzun müddət Çinin aparıcı tədarükçülərindən biri olan Avstraliyanın mövqeyini zəiflədib.
Məlumatlara əsasən, noyabrda Rusiya LNG-si Çinə qaz tədarük edən 12 ölkə arasında ən ucuz variant olub. Rusiya qazı bir BTU üçün 9,85 dollar qiymətinə satılıb ki, bu da bazar orta göstəricisindən təxminən 10 faiz aşağıdır.