BAKI, 20 dekabr. TELEQRAF
Bu ilin yanvar–noyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% artaraq 23,2 milyard dollara çatıb.
Teleqraf Gürcüstanın Milli Statistika Xidmətinə (Sakstat) istinadən xəbər verir ki, ölkəyə 16,6 milyard dollar dəyərində məhsul idxal edilib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3% çoxdur.
Eyni dövrdə Gürcüstanın ixracı 6,6 milyard dollar təşkil edib ki, bu da ötən ilin ilk 11 ayı ilə müqayisədə 10,1% artım deməkdir. Nəticədə ölkənin mənfi ticarət saldosu 9,9 milyard dollara yüksəlib və bu göstərici ötən ilin eyni dövründəkindən 8,7% çoxdur.
Yanvar–noyabr aylarında ixracda ən böyük artım 62% olmaqla qoz-fındıq məhsullarında qeydə alınıb. Bundan əlavə, qiymətli metal filizləri və konsentratlarının ixracı 59,8%, neft və neft məhsullarının ixracı 48,5%, şəkər tərkibli mineral və ya qazlı suların ixracı 21,1%, minik avtomobillərinin ixracı 18,2%, azot gübrələrinin ixracı 14%, mineral suların ixracı isə 4,9% artıb.
Eyni zamanda, ilin əvvəlindən etibarən ferroərintilərin ixracı 34,7%, təbii üzüm şərablarının ixracı 6,7%, spirtli içkilərin ixracı isə 5,2% azalıb.
Hesabat dövründə idxalda ən böyük artım incəsənət əşyaları üzrə müşahidə olunub. Belə ki, rəsm əsərləri, rəsmlər və əl işi pastellərin idxalı artıb. Həmçinin vaksinlər, qan və immun serumlarının idxalı 35,6%, minik avtomobillərinin idxalı 11,8%, qablaşdırılmış dərmanların idxalı 7,8%, neft və neft məhsullarının idxalı isə 3,6% yüksəlib.
Bununla yanaşı, ilin əvvəlindən bəri kompüterlər və onların qurğularının idxalı 43,9%, yük avtomobillərinin idxalı 28,6%, tütün və ya onun əvəzedicilərindən hazırlanmış siqar, siqarilla və siqaretlərin idxalı isə 1,5% azalıb.
Bu ilin yanvar–noyabr aylarında Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşı olaraq birinci yeri tutub. İki ölkə arasında xarici ticarət dövriyyəsi 2,8 milyard dollar təşkil edib ki, bu da Gürcüstanın ümumi ticarət dövriyyəsinin 12,1%-nə bərabərdir.
Qeyd edək ki, Gürcüstanın əsas on ticarət tərəfdaşı sırasında Almaniya, Azərbaycan, Qazaxıstan, Ermənistan və Bolqarıstan da yer alır.