BAKI, 22 dekabr. TELEQRAF

ABŞ-nin Venesuelaya qarşı dəniz blokadasını gücləndirməsi fonunda dünya bazarlarında neft qiymətləri artım nümayiş etdirib.

Teleqraf xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, bazar iştirakçıları xammal tədarükündə mümkün azalma risklərini qiymətlərə daxil etməyə başlayıblar.

Bildirilib ki, bazar ertəsi, dekabrın 22-də keçirilən səhər ticarətləri zamanı “Brent” markalı neftin fyuçerslərinin qiyməti bir barel üçün 62,48 dollara yüksəlib. ABŞ-nin yüngül “WTI” markalı nefti isə 58,79 dollara qədər bahalaşıb.

Agentlik qeyd edir ki, artım Venesuela neftinin ixracının bloklanması və bu səbəbdən qlobal bazarda, xüsusilə ağır neft növləri üzrə təklifin azalacağı ilə bağlı narahatlıqlarla əlaqədardır. İnvestorlar logistika zəncirində fasilələr və mümkün defisit risklərini nəzərə alırlar.

ABŞ Milli İqtisadi Şurasının direktoru Kevin Hassett bildirib ki, bazar qeyri-qanuni tədarüklərin qarşısının alınmasına reaksiya verir: “Bu cür tədarüklər beynəlxalq sanksiya rejimini sarsıdır və regional təhlükəsizlik üçün risklər yaradır”.

Qeyd edək ki, daha əvvəl ABŞ Venesuela sahilləri yaxınlığında neft tankerini saxlayıb. Dekabrın 19-da ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Venesuelaya məxsus tankerələrin ələ keçirilməsini davam etdirəcəyini bəyan etmişdi.