BAKI, 20 dekabr. TELEQRAF
Dekabrın 20-də maliyyə naziri, Azərbaycan və Monteneqro Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Sahil Babayev ölkəmizdə səfərdə olan Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviçin rəhbərik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, görüşdə Azərbaycan–Monteneqro münasibətlərinin dostluq, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb, bu əlaqələrin 2013-cü ildə Prezident İlham Əliyevin Monteneqroya rəsmi səfəri zamanı imzalanmış Dostluq və Tərəfdaşlıq haqqında Bəyannamə ilə möhkəm təməl üzərində qurulduğu qeyd edilib.
Sahil Babayev Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin inkişafında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın rolunu qeyd edərək, bu mexanizmin siyasi iradənin konkret iqtisadi nəticələrə çevrilməsində mühüm platforma olduğunu bildirib. Qeyd olunub ki, 2026-cı ilin mart ayında keçirilməsi nəzərdə tutulan Birgə Komissiyanın növbəti iclasının gündəliyi ticarətin şaxələndirilməsi, qeyri-neft sektoruna investisiyalar, yaşıl enerji, turizm, infrastruktur və kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlığa dair geniş məsələləri əhatə edəcək.
Görüşdə ticarət və investisiya məsələləri də müzakirə olunub, Monteneqro şirkətləri Azərbaycanda sənaye zonaları və digər prioritet sahələrdə investisiya imkanlarından yararlanmağa dəvət olunub.
Öz növbəsində, Ervin İbrahimoviç Monteneqronun Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirərək, siyasi dialoqun və yüksəksəviyyəli qarşılıqlı təmasların ikitərəfli münasibətlərin dərinləşdirilməsində mühüm rol oynadığını qeyd edib. O, iqtisadi, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli potensialın mövcud olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.