Neft hasilatını könüllü olaraq azaldan OPEC+a daxil səkkiz ölkə iyulun 1-nə planlaşdırılan iclasda iyul ayı üzrə hasilat planını müzakirə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak məlumat verib.

"Əvvəlcədən fikir söyləmək çətindir. Bütün bu məsələlər birbaşa görüşdə müzakirə olunur. Tezliklə görüşümüz olacaq, görəcəyik. Hazırda müqavilələrin icrası ilə bağlı heç bir məlumat yoxdur", - deyə o bildirib.

Novak həmçinin OPEC+un neft hasilatını artırmaqla digər istehsalçılara qarşı “qiymət müharibəsi”nə start verməsi yönündə suallara şərh verməkdən imtina edib.

Qeyd edək ki, Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla səkkiz OPEC+ ölkəsi may və iyun aylarında neft hasilatının artırılmasını sürətləndirmək qərarına gəliblər. Bu da hər ay üzrə 411 min barel deməkdir. İyul ayı üzrə istehsal planını müəyyən edəcək növbəti iclas iyunda olacaq.