BAKI, 14 may. TELEQRAF

Neft hasilatının azaldılması sazişində iştirak edən OPEC+ ölkələri 2025-ci ilin aprelində hasilatı gündə 27 min barel azaldıblar. Könüllü ixtisarlar və kompensasiyalar nəzərə alınmaqla planlaşdırılandan 68 min barel/gün az neft hasil ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) may hesabatında bildirilib.

Razılaşmadan azad edilmiş Liviya, İran və Venesuela istisna olmaqla, alyansa daxil olan ölkələrin hasilatı 35,46 milyon barel/gün təşkil edib. Mart ayı üçün nəzərdə tutulmuş bütün könüllü məhdudiyyətlər və kompensasiya cədvəlləri nəzərə alındıqda, OPEC+ ölkələrinin hasilatı gündəlik 35,528 milyon barel olmalı idi. Beləliklə, alyans planla müqayisədə 68 min barel/sutka az hasilat aparıb.

Eyni zamanda, bəzi ölkələr OPEC+ sazişi çərçivəsində öz öhdəliklərini yenə də aşmağa davam ediblər. Məsələn, Qazaxıstan apreldə gündəlik OPEC+ kvotasından 413 min barel çox neft hasil edib. Gündəlik hasilatı 1,823 milyon barel (kvota – 1,41 milyon barel/ gün) olub. İraq isə planlaşdırılandan gündəlik 72 min barel çox neft hasil edib. Ölkənin neft hasilatı gündəlik 3,964 milyon barel (kvota – 3,892 milyon barel/gün) olub.

Digər tərəfdən, bir sıra Afrika ölkələrində hasilat OPEC+ sazişində nəzərdə tutulan razılaşmalardan aşağı olub. Cənubi Sudanda hasilat gündəlik 39 min barel, Sudanda 38 min, Konqoda 17 min, Ekvatorial Qvineyada 11 min, Nigeriyada isə 29 min barel az olub.