BAKI, 14 may. TELEQRAF

"Azərbaycan nəqliyyat və logistika sektorunda əməkdaşlığı həyati vacib hesab edir".

Teleqraf xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti İdarəsinin rəis müavini Azər Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (CICA) bildirib.

"Bizim regionumuz geniş əraziyə malikdir və müxtəlif iqtisadi və siyasi sistemlərə malik ölkələri əhatə edir. Azərbaycan regional əməkdaşlığın dərinləşdirilməsinə tam sadiqdir.

Nəqliyyat və logistika əməkdaşlığın təkcə arzuolunan deyil, həm də həyati əhəmiyyət kəsb etdiyi sahələrdir. İstər gömrük prosedurlarının təşkili, istər texniki standartların əlaqələndirilməsi, istərsə də vahid rəqəmsal həllərin tətbiqi sahəsində birgə fəaliyyət hər kəsə fayda gətirəcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan CICA-ya sədrlik edir.