BAKI, 19 noyabr. TELEQRAF

1994-cü ildə qəbul edilən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna köklü dəyişikliklərlə bağlı işlər yekunlaşıb və müvafiq qanun layihəsi hazırlanıb.

Teleqraf xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” mövzusunda keçirilən media təlimində deyib.

Onun sözlərinə görə, Azərbaycan keçmiş SSRİ ölkələri arasında istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunu qəbul edən ilk ölkələrdən biridir:

“Qanun BMT-nin istehlakçılarla bağlı rəhbər prinsipləri əsasında qəbul edilib və istehlakçıların yeddi əsas hüququnu əhatə edir.

1994-cü ildən bəri qanuna müəyyən dəyişikliklər edilsə də, əsaslı və köklü dəyişikliklər qəbul olunmayıb. Bu istiqamətdə artıq işimizi yekunlaşdırmışıq və qanun layihəsi hazırdır. Hazırda Milli Məclis çərçivəsində aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Bundan sonra, yəqin ki, Milli Məclisə təqdim olunacaq”.