BAKI, 19 noyabr. TELEQRAF

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçı hüquqlarının pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 9 260 müraciət daxil olub.

Teleqraf xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” mövzusunda keçirilən media təlimində deyib.

O qeyd edib ki, müraciətlərin 8 766-sı yeni, 494-ü isə əvvəlki ildən qalıb:

“2025-ci ilin eyni dövründə Agentliyə 7 053 müraciət daxil olub. Müraciətlərin sayı illik müqayisədə 31,3% artıb.

Hesabat dövründə Dövlət Agentliyində 6 080 müraciətə baxılması yekunlaşıb. 2 312 müraciət aidiyyəti orqanlara göndərilib, 868 müraciət üzrə icra növbəti aylarda davam etdiriləcək. İstehlakçı hüquqlarının pozulması ilə bağlı 41 protokol tərtib edilib.

2025-ci ilin yanvar-oktyabr aylarında isə Agentlikdə baxılması yekunlaşan müraciətlərin sayı 5 032, aidiyyəti orqanlara göndərilən müraciətlərin sayı 1 660, növbəti aylarda icrası davam etdirilən müraciətlərin sayı 461, tərtib olunmuş protokolların sayı isə 51 olub”.