
BAKI, 6 mart. TELEQRAF
İyunun 1-dən ölkə ərazisində dövlət rüsumlarının ödənilməsi yaradılacaq sistem tərəfindən təqdim edilən e-bildiriş əsasında həyata keçiriləcək.
Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, e-bildiriş dövlət rüsumu tutulan hər bir xidmət və hüquqi hərəkət üzrə elektron tərtib olunan, dövlət rüsumunun dövlət büdcəsinə daxilolmalarının təyinatı üzrə hesablanamsı və köçürülməsi üçün istifadə olunan sənəddir.
Maliyyə Nazirliyi "Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)" informasiya sistemi yaradır. Nazirlik hesab edir ki, e-rüsum informasiya sistemi dövlət rüsumu üzrə hesablanmış məbləğlərin vaxtında və düzgün olaraq dövlət büdcəsinə köçürülməsini, bu prosesə elektron nəzarətin və uçotun təşkil edilməsini təmin edəcək.
Hazırda 22 dövlət orqanı, 4 publik hüqiqi şəxs, Mərkəzi Bank və məhkəmələr tərəfindən 574 adda dövlət rüsumu tutulur.