BAKI, 14 fevral, TELEQRAF
Milli Depozit Mərkəzinin (MDM) 2024-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasında rəqəmsallaşmanın artırılması əsas fəaliyyət göstəricilərindən biridir.
Teleqraf xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyevin bu gün Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
Mərkəzin sədri bildirib ki, müvafiq istiqamətdə, depo hesablarının açılması üçün yeni arxitektura formalaşdırılıb: “Belə ki, API (tətbiq proqramlaşdırma interfeysi) vasitəsilə müştərilərə depo hesabların məsafədən açılması təmin edilib. Bu funksionallıq geniş investor kütləsinə mobil tətbiq vasitəsilə MDM-in depozitar sistemində hesab açmaq imkanı yaradıb. 1997-ci ildən 2023-cü ilin sonuna kimi MDM-də mövcud olan depo hesabların sayı 121 610 təşkil edirdisə, 2024-cü ilin sonunda bu rəqəm 160 545 olub. Aktiv depo hesabların sayı isə müvafiq olaraq 2023-cü ilin sonuna 75 024 təşkil edirdisə, 2024-cü ilin sonunda 105 552 olub”.
MDM sədri əlavə edib ki, rəqəmsallaşma sahəsində həyata keçirilmiş digər mühüm yenilik isə səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sisteminin tətbiqidir: “MDM bu xidməti ilk dəfə olaraq ölkəmizdə tətbiq edərək, əlçatanlıq səviyyəsinin artırılmasına, səhmdarların hüquqlarının qorunmasına və şəffaflığın artırılmasına töhfə verib”.