BAKI, 14 fevral. TELEQRAF

Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev maliyyə sektorunun inkişafı üzrə strateji təşəbbüsləri açıqlayıb.

Teleqraf xəbər verir ki, Mərkəzi Bank rəsmisi Azərbaycam Maliyyə Forumunda bildirib ki, bu təşəbbüslər əsasən dörd mühüm prioriteti əhatə edir:

“Bunlardan birincisi, maliyyə sektorunun, institutlarının, bazarlarının və infrastrukturunun sabitliyinin təmin edilməsi üzrə təşəbbüslərdir. Bu istiqamətdə, 2024-cü il ərzində Mərkəzi Bank tərəfindən prudensial tənzimləmə çərçivəsinin modernizasiyası davam etdirilib, korporativ idarəetmə standartlarına yenidən baxılıb. Eləcə də bununla bağlı gələcək vizyonu əks etdirən tövsiyələr qəbul edilib. Sığorta və investisiya şirkətləri üçün korporativ idarəetmə standartları tətbiq edilib. Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə dair yeni qaydalar qəbul olunub. Sığorta sahəsi üzrə risklərin xaricə ötürülməsi habelə, katastrofik risklərin təkrarsığortalanması ilə bağlı tələblər müəyyən edilmiş, sığortaçıların dayanıqlı təkrarsığorta siyasəti formalaşdırılıb.

İkinci qrup təşəbbüslərə maliyyə vasitəçiliyinin və maliyyə inklüzivliyinin genişləndirilməsi üzrə tədbirləri aiddir. Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişlənləşdirilməsi və yeni çeşid maliyyə alətlərindən istifadənin təmin edilməsi məqsədilə banklarda davranış modelləri əsasında kreditləşməyə dair prudensial tənzimlənmə çərçivəsi qəbul edilib. Kredit müqavilələri üzrə borcalanın həyat sığortası ilə bağlı yeni tənzimləmələr gətirilmiş, agent bankçılıq üçün hüquqi-normativ baza formalaşdırılıb".

Toğrul Əliyev üçünçü qrup üzrə rəqəmsallaşma və yeni maliyyə texnologiyalarının tətbiqinə istiqamətlənmiş tədbirlərdən danışarkən bildirib ki, 2023-cü ildə “Ödəniş xidmətləri və sistemləri haqqında” Qanunun qəbul edilməsi ilə ödəniş və maliyyə texnologiyaları sahəsi yeni mərhələyə qədəm qoyulub.

"Ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 operator lisenziyalaşdırılıb. Son qrupa istehlakçıların hüquqlarının müdafiəsi, maliyyə məhsullarının və xidmətlərinin keyfiyyətinin artırılması, habelə istehlakçıların şikayətlərinin effektiv həllinin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən geniş maarifləndirmə proqramları daxildir".