BAKI, 13 noyabr. TELEQRAF
Türkiyə Futbol Federasiyasının mərc oyunlarında iştiraka görə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərdiyi siyahıda adı olan Azərbaycan millisinin və “Sivasspor”un futbolçusu Mert Çelikin cəzası açıqlanıb.
Teleqraf xəbər verir ki, İntizam Komitəsi M.Çelikin futbol fəaliyyətini 45 gün müddətinə məhdudlaşdırıb.
Çelik barəsində cinayət işi də açılıb.
Qeyd edək ki, Mert Çelik Azərbaycan millisinin heyətində bir oyun keçirib. O, bu il Belarusla (0:2) keçirilən yoxlama matçında iştirak edib. Çelik daha öncə Azərbaycanın U-21 yığması, “Neftçi” və “Səbail”də də çıxış edib.