BAKI, 25 iyun. TELEQRAF
İyunun 25-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Tibb Fakultəsinin məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
Teleqraf xəbər verir ki, mərasimdə Müdafiə nazirliyinin rəhbərliyi, hərbi təhsil müəssisələrinin şəxsi heyəti, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Təntənəli mərasimin əvvəlində Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin Hərbi İnstitutun ərazisində ucaldılmış̧ abidəsi və Şəhid məzunların xatirə kompleksi ziyarət olunub və önlərinə gül dəstələri qoyulub.
Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Mərasimdə çıxış edən müdafiə naziri Zakir Həsənov Heydər Əliyev adına Hərbi İnstitun məzunlarını təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıb:
“Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Azərbaycan Ordusu maddi-texniki təminatına, müasir silah və texnologiyalara təchizatına, döyüş hazırlığına , şəxsi heyətin peşəkarlıq səviyyəsinə görə regionun ən güclü ordularından birinə çevrilmişdir. Ali Baş Komandanın “bizim ordumuz bizim qürurumuzdur” fikirləri öz təsdiqini tapmış, danılmaz həqiqətə çevrilib. Bu, dövlətimizin hərbi gücünün göstəricisi, Azərbaycan Ordusuna olan ali inamın təntənəli ifadəsidir.
2026-cı ildə xalqımızın dövlətçilik tarixində mühüm yer tutan 44 günlük vətən müharibəsindən əldə edilmiş şanlı zəfərin 6-cı ili tamam olur. Bu tarixi qələbə təkcə hərbi üstünlük deyil, milli birliyimizin, dövlətimizin siyasi iradəsinin və ordumuzun yüksək peşəkarlığının təntənəsi idi. Yenilməz Azərbaycan ordusunun hər bir üzvü kimi bu gün məzun olan gənc zabitlərimiz də həmin zəfərin məsuliyyətini və dəyərini dərindən dərk etməlidirlər. Biz müqəddəs vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini daima dərin ehtiram və minnətdarlıq hissi ilə yad edirik. Eyni zamanda sağlamlığını itirməsinə baxmayaraq, vətənə sədaqətlə nümunəsi göstərən müharibə əlillərinə və iştirakçılarına dərin minnətdarlığımızı bildiririk. Onların döyüş meydanında göstərdikləri qəhrəmanlığı, sarsılmaz iradə, cəsarət və vətən sevgisi gənc nəsil, xüsusən bu gün leytenant rütbəsi alan məzunlarımız üçün əsl həyat məktəbi və örnəkdir. Əziz valideynlər, siz öz övladlarınızla fəxr edə bilərsiniz. Seçdikləri zabit peşəsinə sahib olmaq böyük əzm və iradə tələb edir. Bu gün onların hərbi rütbə ilə təltif olunmaları sizin üçün qürur mənbəyidir. Sizə vətənin keşiyində durmaq üçün yetişdirdiyiniz övladlara görə təşəkkürümü ifadə edirəm. İnanıram ki, onlar bütün addımlarında sizə, vətənimiz Azərbaycana layiq olmaq üçün çalışacaqlar. Dəyərli zabitlər, siz Azərbaycan ordusunun bu günü və sabahısınız. Hər biriniz xidmət yerinizdən asılı olmayaraq , öz sahənizin lideri olmalısınız. Siz gələcəyin rəisləri, komandirləri, hərbi rəhbərləri olacaqsınız. Hərbi tibbi fakültəsinin məzunları isə yalnız peşəkar hərbi həkimlər deyil, döyüşçünün həyatını qoruyan, onun sağlamlığının qayğısına qalan fədakar zabitlərdir. Mən həmçinin zabitlərin yüksək səviyyədə hazırlanmasında Türk Silahlı Qüvvələrinin dəstəyini qeyd edir və təşəkkürümü bildirirəm”.

Müdafiə nazir qeyd edib ki, məzunların arasında tərəfdaş, dost Qırğız və Tacikistan Respublikasından gəlmiş kursantlar da var:
“Onlar burada sahib olduqları bilik və bacarıqları gələcəkdə öz ölkələrinin müdafiə və milli təhlükəsizliyi sayəsində tətbiq etməklə yanaşı dövlətlərimiz arasında dostluq və hərbi əməkdaşlıq körpülərini daha da möhkəmləndirəcəklər.
Cənab zabitlər, Azərbaycanın qanunlarına, hərbi nizamnamələrin tələblərinə sadiq qalmalı, xalqımıza və dövlətimizə vicdanla, ləyaqətlə və nümunəvi şəkildə xidmət etməlisiniz. Qalib ölkə statusu qazanmış vətənimizi müqəddəs əmanət olaraq gələcək nəsillərə ötürməlisiniz. Eminəm ki, etimadı doğrulacaq, bu istiqamətdə bütün var qüvvənizi səfərbər edəcəksiniz. Bu əlamətdar gündə bir daha Azərbaycan Ordusunun hərbi təhsil sistemində çalışan bütün şəxsləri, leytenant rütbəsi ilə xidmətə başlayacaq bütün məzunlarımızı və onların ailə üzvlərini ürəkdən təbrik edirəm. Sizə Azərbaycanın gələcəyi, qüdrətli ordumuzun daha da güclənməsi, dövlətimizin milli müdafiə qabiliyyətinin daha da möhkəmlənməsi naminə məsul və şərəfli xidmətinizdə daim uğurlar arzulayıram. Yolunuz açıq, gələcəyiniz aydın olsun”.

Daha sonra Hərbi İnstitutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.
Buraxılış mərasiminin planına uyğun olaraq Hərbi İnstitutun məzunlarına diplomlar təqdim edilib, tədrisdə və intizamda fərqlənən kursant tərəfindən rəmzi yaş kötüyünə məzun simvolu vurulub. Hərbi İnstitutun Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Mərasimdə çıxış edən qırğızıstanlı kursant Emir Bakıtbekoviç Esenaliyev qeyd edib ki, bu möhtəşəm hərbi hissədə təhsil almaq və leytenant rütbəsi ilə məzun olmaqdan böyük qürur hissi keçirir:
“Bu illər ərzində biz yalnız hərbi biliklər mənimsəmədik, həm də həyatın ən mühüm dərslərini öyrəndik. Biz çətinliklər qarşısında geri çəkilməməyi, verilən tapşırıqları dəqiq və məsuliyyətlə yerinə yetirməyi, lider olmağı öyrəndik. Burada qazandığımız dostlar bizim üçün ən böyük sərvətdir. Fərqli ölkələrdən gəlməyimizə baxmayaraq, biz bir məqsəd ətrafında birləşdik və qardaş Azərbaycanda oxumaqla türk dünyasının hərbi və mədəni dəyərlərini dərk etdik. Bu, bizi birləşdirən ən böyük idealdır: vahid kök, vahid məqsəd, vahid gələcək. Komandirlərimizə və müəllimlərimizə göstərdikləri etimada, bizə qazandırdıqları bilik və təcrübəyə görə dərin minnətdarlığımızı bildiririk”.
Tacikistanlı məzun Anvarcon Qafurov burada keçirdiyi illərin onun üçün yalnız hərbi təhsil dövrü deyil, eyni zamanda həyat məktəbi olduğunu vurğulayıb:
“Bu gün həyatımın ən unudulmaz günlərindən biridir. Mən Tacikistanı təmsil edərək bu nüfuzlu hərbi institutda təhsil almaq imkanı qazanmışam. Bu gün böyük qürur hissi ilə leytenant rütbəsi alıram. Bu divarlar arasında biz intizamı, məsuliyyəti, dözümlülüyü və ən əsası zabit şərəfini öyrəndik. Çətin anlarda birlikdə olmağı, uğurları isə təvazökarlıqla qarşılamağı mənimsədik. Mən Azərbaycanı artıq ikinci vətənim kimi sevirəm. Buradan gedərkən ürəyimdə iki bayraq dalğalanacaq – Azərbaycan və Tacikistan bayraqları”.
Hərbi İnstitutu fərqlənmə ilə bitirən məzunlara fəxri fərman və hədiyyələr təqdim edilib.
Sonda hərbi orkestrin müşayiəti ilə kursantlar Hərbi İnstitutun marşını ifa edib, şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.
Valideynlərə məzun övladları ilə görüşmək və təbrik etmək üçün şərait yaradılıb.

Teleqraf-a danışan Heydər Əliyev adına Hərbi İnstitun məzunu leytenant Tağıyev məzun yoldaşlarına xidmətlərində uğurlar arzulayıb:
“Hərbi Hava Qüvvələrinin zabiti olaraq, təqdim olunan leytenant rütbəsində təkcə bizim əməyimiz deyil, valideynlərimizin əziyyəti, burada çalışan işçilərin, tibb işçilərinin zəhməti, komandirlərimizin şücayəti də var. Onların əməyi nəticəsində biz zabit rütbəsinə çatdıq. Bizim üçün leytenant rütbəsi xalqımıza, millətimizə və gələcək nəsillərə xidmət etmək üçün verilən bir rütbədir”.

Leytenat Ağakazım İmanzadə: “Bu gün mənim həyatımın ən əlamətdar günlərindən biridir. Çünki ilk hərbi zabit rütbəsinə layiq görülmüşəm. Azərbaycan Silahlı Qüvvələrində xidmət etməkdən böyük qürur hissi duyuram. Gələcək fəaliyyətimdə vətənimə və xalqıma layiqincə xidmət etməyə çalışacağam. Özümə və bütün məzun yoldaşlarıma uğurlar arzulayıram”.