BAKI, 25 iyun. TELEQRAF
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişikliklər edilib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Dəyişikliyə əsasən, sistemdə dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların bank hesablarına dair məlumatlar əks olunacaq. Lakin maliyinə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən hüquqi şəxslər bu qaydadan istisna təşkil edəcək.
Sənədlə həmçinin qiymətli kağızlar barədə məlumatların əldə edilməsinə dair yeni bənd əlavə olunub. Belə ki, sahibin normativ hüquqi aktlarla müəyyən edilən hüquqlarının həyata keçirilməsi, vəzifələrinin icrası, habelə dövlət xidmətləri göstərməsi zamanı dövlət mülkiyyətindəki hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin emissiya etdiyi qiymətli kağızlar barədə reyestr məlumatları tələb olunduqda, bu məlumat bilavasitə həmin hüquqi şəxslərin özündən əldə ediləcək.