BAKI, 25 iyun. TELEQRAF

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən dövlət publik hüquqi şəxsləri məhdud məsuliyyətli cəmiyyətlərə çevrilir.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi iki ay müddətində Cəbrayıl, Qubadlı və Zəngilan; Ağdam, Füzuli və Xocavənd; Laçın; Kəlbəcər rayonları, həmçinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən bərpa, tikinti və idarəetmə xidmətlərinin məhdud məsuliyyətli cəmiyyətlərə çevrilmə yolu ilə yenidən təşkilini təmin etməlidir. Yaradılacaq yeni cəmiyyətlərin nizamnamə kapitalı həmin qurumların mövcud əmlakı hesabına formalaşacaq.

Sənədlə müəyyən edilib ki, bu cəmiyyətlərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının yaradılması, sədrinin və üzvlərinin vəzifəyə təyin və azad edilməsi birbaşa Azərbaycan Prezidentinə həvalə olunub. Cəmiyyətlər rəsmi dövlət qeydiyyatına alınana qədər mövcud publik hüquqi şəxslər fəaliyyətlərini davam etdirəcəklər.