BAKI, 25 iyun. TELEQRAF
"Azərbaycan Ordusu maddi-texniki təminatına, müasir silah və texnologiyalara təchizatına, döyüş hazırlığına, şəxsi heyətin peşəkarlıq səviyyəsinə görə regionun ən güclü ordularından birinə çevrilib. Ali Baş Komandanın “bizim ordumuz bizim qürurumuzdur” fikirləri öz təsdiqini tapan, danılmaz həqiqətdir. Bu, dövlətimizin hərbi gücünün göstəricisi, Azərbaycan Ordusuna olan ali inamın təntənəli ifadəsidir”.
Teleqraf xəbər verir ki, bu fikirləri müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Hərbi İnstitutun buraxılış mərasimində səsləndirib.
Nazir bildirib ki, bu il xalqımızın dövlətçilik tarixində mühüm yer tutan 44 günlük vətən müharibəsindən əldə edilmiş şanlı zəfərin 6-cı ili tamam olur.
Onun sözlərinə görə, bu tarixi qələbə təkcə hərbi üstünlük deyil, milli birliyimizin, dövlətimizin siyasi iradəsinin və ordumuzun yüksək peşəkarlığının təntənəsi idi:
“Yenilməz Azərbaycan ordusunun hər bir üzvü kimi bu gün məzun olan gənc zabitlərimiz də həmin zəfərin məsuliyyətini və dəyərini dərindən dərk etməlidirlər. Biz müqəddəs vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini daima dərin ehtiram və minnətdarlıq hissi ilə yad edirik. Eyni zamanda sağlamlığını itirməsinə baxmayaraq, vətənə sədaqətlə nümunəsi göstərən müharibə əlillərinə və iştirakçılarına dərin minnətdarlığımızı bildiririk. Onların döyüş meydanında göstərdikləri qəhrəmanlığı, sarsılmaz iradə, cəsarət və vətən sevgisi gənc nəsil, xüsusən bu gün leytenant rütbəsi alan məzunlarımız üçün əsl həyat məktəbi və örnəkdir”.
Zakir Həsənov zabitlərin yüksək səviyyədə hazırlanmasında Türk Silahlı Qüvvələrinin dəstəyini qeyd edərək təşəkkür edib:
“Əziz valideynlər, siz öz övladlarınızla fəxr edə bilərsiniz. Seçdikləri zabit peşəsinə sahib olmaq böyük əzm və iradə tələb edir. Bu gün onların hərbi rütbə ilə təltif olunmaları sizin üçün qürur mənbəyidir. Sizə vətənin keşiyində durmaq üçün yetişdirdiyiniz övladlara görə təşəkkürümü ifadə edirəm. İnanıram ki, onlar bütün addımlarında sizə, vətənimiz Azərbaycana layiq olmaq üçün çalışacaqlar. Dəyərli zabitlər, siz Azərbaycan ordusunun bu günü və sabahısınız. Hər biriniz xidmət yerinizdən asılı olmayaraq, öz sahənizin lideri olmalısınız. Siz gələcəyin rəisləri, komandirləri, hərbi rəhbərləri olacaqsınız. Hərbi tibbi fakültəsinin məzunları isə yalnız peşəkar hərbi həkimlər deyil, döyüşçünün həyatını qoruyan, onun sağlamlığının qayğısına qalan fədakar zabitlərdir”.