BAKI, 25 iyun. TELEQRAF

Azərbaycanda fəaliyyət göstərən bir sıra irihəcmli publik hüquqi şəxslərin statusu dəyişdirilərək büdcə təşkilatına çevrilir.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərmanında qeyd olunub.

Fərmana əsasən, ölkədə fəaliyyət göstərən bir sıra publik hüquqi şəxslərin əsasında yeni büdcə təşkilatları yaradılır. Bu sıraya Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi, Azərbaycan Elm Fondu, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi daxildir. Həmçinin mərkəzin tabeliyindəki Hüquq və İnsan Haqları İnstitutu da büdcə təşkilatı qismində fəaliyyət göstərəcək.

Sənədlə həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturundakı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi və Marionet Teatrının əsasında da Mədəniyyət Nazirliyinin tabeliyində büdcə təşkilatları yaradılır. Nazirlər Kabineti üç ay müddətində bu qurumların əsasnamələrinin təsdiq edilməsi və əməkhaqqı sistemlərinin müəyyən olunması ilə bağlı tədbirlər görəcək. Yeni qurumların strukturları müəyyən edilənədək mövcud statuslu təşkilatlar fəaliyyətlərini davam etdirəcəklər.