BAKI, 25 iyun. TELEQRAF
Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanın Almaniyadakı səfirliyi və Silahlı Qüvvələrin hərbi attaşelik aparatı iyunun 24-də Berlində ziyafət təşkil edib.
Teleqraf xəbər verir ki, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Almaniya Müdafiə Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, Bundestaqın deputatları, səfirlər, müxtəlif ölkələrin Almaniyadakı hərbi attaşeləri, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də bu ölkədə yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirilib. Daha sonra Azərbaycan Silahlı Qüvvələri ilə bağlı videoçarx nümayiş etdirilib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin ilk milli hərbi korpusunun yaradılması ilə Silahlı Qüvvələrin təməlinin qoyulduğunu diqqətə çatdırıb. Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpasından sonra bu tarixi ənənələr əsasında formalaşdırılan Silahlı Qüvvələrimizin ölkənin suverenliyinin və milli təhlükəsizliyinin əsas dayaqlarından olduğu vurğulanıb.
Səfir qeyd edib ki, həyata keçirilən islahatlar, müasir hazırlıq metodları və qabaqcıl texnologiyaların tətbiqi nəticəsində Azərbaycan Ordusunun döyüş qabiliyyəti və peşəkarlığı əhəmiyyətli dərəcədə yüksəlib. Diplomat 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ölkənin ərazi bütövlüyünü bərpa etdiyini və işğala son qoyduğunu diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycanın regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı olduğu, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-yenidənqurma işlərinin aparıldığı, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması diqqətə çatdırılıb.
Nəsimi Ağayev Azərbaycan ilə Almaniya arasında uzunmüddətli və etibarlı tərəfdaşlıq münasibətlərinin, o cümlədən təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın uğurla davam etdiyini bildirib. Bu il Almaniyada Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşelik aparatının fəaliyyətə başlamasının 20 illiyinin qeyd edildiyi vurğulanaraq, bunun müdafiə sahəsində əlaqələrin inkişafına töhfələri xüsusi vurğulanıb.
Azərbaycan Silahlı Qüvvələrinin Almaniyadakı hərbi attaşesi polkovnik Əhməd Qafarov 1918-ci ildə ilk milli hərbi korpusun yaradılması ilə ordumuzun təməlinin qoyulmasının tarixi əhəmiyyətini qeyd edib.
Bildirilib ki, müstəqilliyin bərpasından sonra Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində vahid komandanlıq sistemi formalaşdırıldı və ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun öz inkişafının ən yüksək mərhələsini yaşadığı, 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin regionda dayanıqlı sülh, sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb. Çıxışda, həmçinin Azərbaycanın qlobal təhlükəsizliyə mühüm töhfələr verdiyi, Almaniya ilə hərbi sahədə əməkdaşlığın uğurla davam etdirildiyi vurğulanıb.
Çıxışlardan sonra Almaniyada fəaliyyət göstərən azərbaycanlı pianoçu Nərmin Nəcəfli konsert proqramı ilə çıxış edib.