BAKI, 25 iyun. TELEQRAF

Qırğızıstan və Tacikistan vətəndaşları Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutdan birinciliklə məzun olublar.

Teleqraf xəbər verir ki, bunlar tacikistanlı kursant Anvarcon Əzizullayeviç Qafurov və qırğızıstanlı kursant Emir Bakıtbekoviç Esenaliyevdir.

Qırğızıstanlı kursant qeyd edib ki, bu möhtəşəm hərbi hissədə təhsil almaq və leytenant rütbəsi ilə məzun olmaqdan böyük qürur hissi keçirir:

“Bu illər ərzində biz yalnız hərbi biliklər mənimsəmədik, həm də həyatın ən mühüm dərslərini öyrəndik. Biz çətinliklər qarşısında geri çəkilməməyi, verilən tapşırıqları dəqiq və məsuliyyətlə yerinə yetirməyi, lider olmağı öyrəndik. Burada qazandığımız dostlar bizim üçün ən böyük sərvətdir. Fərqli ölkələrdən gəlməyimizə baxmayaraq, biz bir məqsəd ətrafında birləşdik və qardaş Azərbaycanda oxumaqla türk dünyasının hərbi və mədəni dəyərlərini dərk etdik. Bu, bizi birləşdirən ən böyük idealdır: vahid kök, vahid məqsəd, vahid gələcək. Komandirlərimizə və müəllimlərimizə göstərdikləri etimada, bizə qazandırdıqları bilik və təcrübəyə görə dərin minnətdarlığımızı bildiririk”.

Tacikistanlı məzun burada keçirdiyi illərin onun üçün yalnız hərbi təhsil dövrü deyil, eyni zamanda həyat məktəbi olduğunu vurğulayıb:

“Bu gün həyatımın ən unudulmaz günlərindən biridir. Mən Tacikistanı təmsil edərək bu nüfuzlu hərbi institutda təhsil almaq imkanı qazanmışam. Bu gün böyük qürur hissi ilə leytenant rütbəsi alıram. Bu divarlar arasında biz intizamı, məsuliyyəti, dözümlülüyü və ən əsası zabit şərəfini öyrəndik. Çətin anlarda birlikdə olmağı, uğurları isə təvazökarlıqla qarşılamağı mənimsədik. Mən Azərbaycanı artıq ikinci vətənim kimi sevirəm. Buradan gedərkən ürəyimdə iki bayraq dalğalanacaq – Azərbaycan və Tacikistan bayraqları”.