BAKI, 20 iyun. TELEQRAF
Hamımız "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasına üzüldük. "Turan Tovuz"un neçə illərdir çempionata dönməsi, avrokubokda çıxış etməsini istəyirdik. 32 illik həsrət vardı. Biz çempionatda rəqib olsaq da, "Turan Tovuz" adına çox sevinirdim ki, bu il avrokubokda çıxış edəcək.
Teleqraf xəbər verir ki, bu sözləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov jurnalistlərə açıqlamasında deyib.
"Üzgünük, amma bu, 7 il qabaq qəbul olunan qərardır. Nə qədər etirazlar olsa da, bu yöndə mübarizə aparılsa da, qərar dəyişmədi. Biz də son ana qədər gözləyirdik.
Hətta belə bir məqam oldu, məşqçi heyəti və rəhbərlik müzakirə apardı. Avrokuboklardan imtina etmək versiyası vardı.
Çünki qəti hazır deyildik, çempionatın sonunda rəhbərliklə görüşümüzdə belə qərar qəbul etdik ki, yeni heyət formalaşdıq, 2-3 ilin planını tutaq. Elə də oldu, çoxsaylı futbolçular getdi. Qərar çıxandan sonra rəhbərliklə müzakirə oldu, sadəcə maraqlandıq, imtina etsəydik, bizi də cəza gözləyəcəkdi", - deyə baş məşqçi qeyd edib.
R.Sadıqov yaxşı nəticə əldə etmək istədiklərini söyləyib: "Burada "Zirə"ni günahlandırmaq düzgün deyil. Daha doğru təhlil olsa, bizim məsələyə heç bir aidiyyətimiz olmadığı aydınlaşar".
Qeyd edək ki, 32 il sonra avrokuboklara vəsiqə qazanan "Turan Tovuz" UEFA tərəfindən Konfrans Liqasına buraxılmayıb. Bölgə təmsilçisinin əvəsinə Rəşad Sadıqovun komandası Konfrans Liqasında iştirak edəcək.