BAKI, 25 iyun. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konstitusiyada nəzərdə tutulmuş istisna hallar çərçivəsində 2028-ci il prezident seçkilərində ardıcıl üçüncü müddətə namizədliyini irəli sürə biləcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə prezidentinin baş müşaviri və Prezident Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum məlumat verib.
O bildirib ki, növbəti parlament və prezident seçkiləri üçün planlaşdırılan tarix iddia edildiyi kimi 2028-ci il mayın 14-də yox, mayın 7-də olmalıdır: “Seçkilər prezidentin beş illik səlahiyyət müddətinin bitməsindən əvvəl keçirilməlidir. Sonuncu seçkilər 2023-cü il mayın 14-də keçirildiyindən növbəti seçkilər 2028-ci il mayın 14-dən əvvəlki bazar günü keçiriləcək. Yəni 7 may 2028-ci il tarixində”.
Uçum xatırladıb ki, seçkilərin daha erkən tarixdə - 2028-ci il aprelin 16-da keçirilməsi variantı da müzakirə olunur: “Bizim təklif etdiyimiz 16 aprel 2028-ci il tarixi siyasi və sosial baxımdan növbədənkənar seçkilər hesab edilmir. Bu, sadəcə planlaşdırılmış seçkilərin üç həftə daha erkən tarixə keçirilməsidir. Bu qərarı parlament qəbul edir və bunu seçkilərə üç həftə qalmış deyil, 2028-ci il fevralın 9-dan 15-dək olan dövrdə qəbul edə bilər”.
O vurğulayıb ki, bu halda, Konstitusiya artıq ardıcıl maksimum iki müddət xidmət etmiş Ərdoğana üçüncü müddətə namizəd olmaq üçün qanuni hüquq verir:
“Konstitusiya prezidentlik vəzifəsi üçün iki müddətlik məhdudiyyət müəyyən edir. Bu qayda üçün bir istisna var: əgər parlament ikinci prezidentlik müddəti ərzində yeni seçkilər keçirmək qərarına gələrsə, iki müddət xidmət etmiş şəxs üçüncü müddətə namizədliyini irəli sürə bilər. Hüquqi cəhətdən bu, müstəsna namizədlik adlanır. Konstitusiya bunu açıq şəkildə bildirir”.
Uçum seçkilərin tarixinin önə çəkilməsi halında yarana biləcək vəziyyəti aydın şəkildə anlamağa və Konstitusiyanı bu şəkildə manipulyasiya etməməyə çağırıb. Həmçinin xatırladıb ki, seçki tarixinin bir neçə həftə əvvələ çəkilməsi praktikası Türkiyədə əvvəllər də tətbiq olunub və bu, erkən seçki hesab edilməyib. Baş müşavir əlavə edib ki, parlamentin qərarı istənilən müstəsna halla və ya ölkədə fövqəladə vəziyyətlə əlaqələndirilməməlidir.
“Növbəti seçkilərin planlaşdırıldığı kimi 2028-ci ildə baş tutacağını, amma bir az daha erkən tarixə keçiriləcəyini əminliklə gözləyə bilərik. Bu seçkilər Prezidentimiz Ərdoğana Konstitusiya müddəasına uyğun olaraq sonuncu dəfə vəzifəyə namizəd olmaq imkanı verəcək”, - Uçum vurğulayıb.