BAKI, 15 iyun. TELEQRAF

Niderlandın PSV klubunun yarımmüdafiəçisi İsmael Saibari karyerasını Almaniyanın "Bavariya" komandasında davam etdirməyə yaxındır.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, Münhen təmsilçisi 25 yaşlı mərakeşli futbolçunun transferi üçün PSV ilə razılıq əldə edib. "Bavariya"nın bu keçidə görə 55 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd olunub ki, müqavilənin rəsmiləşdirilməsi üçün futbolçu tibbi müayinədən keçməlidir.

Qeyd edək ki, Saibari ötən mövsüm bütün turnirlərdə 37 oyunda meydana çıxıb, 19 qol vurub və 9 məhsuldar ötürmə verib.

Xatırladaq ki, yarımmüdafiəçi iyunun 14-də Mərakeş millisinin 2026-cı il dünya çempionatında Braziliya ilə 1:1 hesablı heç-heçə etdiyi görüşdə komandasının yeganə qoluna imza atıb.