BAKI, 25 iyun. TELEQRAF

“Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib və qurumun nizamnamə fondu 10 milyon 565 min 947 manat 36 qəpik olaraq müəyyən edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Nizamnaməyə əsasən, Agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Bakı şəhərində fəaliyyət göstərəcək. Qurumun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək İdarə Heyətinin tərkibi 5 üzvdən — əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 4 müavinindən ibarət olacaq. Agentliyin əmlakı nizamnamə fondu, dövlət büdcəsi, icbari tibbi sığorta vəsaitləri, fəaliyyət gəlirləri, qrantlar və cəlb edilən investisiyalar hesabına formalaşacaq.

Agentlik ölkədə icbari tibbi sığortanın tətbiqi, sığorta fondunun idarə olunması və tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyalarını yerinə yetirməklə yanaşı, cəmiyyət üçün mühüm olan digər sahələri də tənzimləyəcək. Belə ki, qurum strukturuna daxil olan komissiyalar vasitəsilə əlilliyin qiymətləndirilməsini, eləcə də müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsini həyata keçirəcək.

Dövlət başçısı həmçinin bu islahatın qanunvericilik bazasını tamamlamaq məqsədilə bəzi fərman və sərəncamlarda dəyişiklik edilməsi barədə ardıcıl sənədlər imzalayıb. Bu çərçivədə, icbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçotunun aparılması və tibbi-iqtisadi ekspertizaların keçirilməsi səlahiyyətləri rəsmi olaraq nazirliyin əsasnaməsinə inteqrasiya edilib, Tarif Şurasının tərkibinə yenidən baxılıb və "DOST" mərkəzlərində icbari tibbi sığorta üzrə arayışların verilməsi təmin olunub. Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sənədlərdən irəli gələn digər məsələlərin həllini təmin edəcək.