GƏNCƏ, 8 oktyabr. TELEQRAF

III MDB Oyunlarının rəsmi bağlanış mərasimi keçirilib.

Teleqraf-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, mərasim Gəncə şəhər stadionunda təşkil olunub.

Tədbirdə dövlət rəsmiləri, MDB ölkələrinin nümayəndə heyətləri, idmançılar, məşqçilər və tamaşaçılar iştirak ediblər.

Mərasim MDB ölkələrinin bayrağının endirilərək yarışın İcraiyyə Komitəsinin nümayəndələrinə verilməsi ilə başlayıb.

Bayrağı Oyunlarda qızıl medallar qazanmış Azərbaycan idmançıları - Nihad Rəhimov (sambo), Maqsud Mahsudov (batut gimnastikası), Turqut Həsənov (karate), Tərlan Qurbanəliyev (çövkən), Oqtay Hüseynov (üzgüçü), Əli Nəzərov (güləş), Humay Dadaşova (taekvondo), Gülər Hüseynova (boks) və Könül Eyvazlı (cüdo) təhvil veriblər.

Daha sonra çıxış edən III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov yarışların yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasim bədii hissə ilə davam edib.

III MDB Oyunlarında 13 ölkədən 1 624 idmançı iştirak edib. Azərbaycanı yarışlarda 340 nəfərlik heyət təmsil edib. Oyunlar 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçirilib.

***

19:00

III MDB Oyunlarının rəsmi bağlanış mərasimi keçirilir.

Teleqraf-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, mərasim Gəncə şəhər stadionunda təşkil olunur.

Tədbirdə dövlət rəsmiləri, MDB ölkələrinin nümayəndə heyətləri, idmançılar, məşqçilər və tamaşaçılar iştirak edirlər.