BAKI, 21 aprel. TELEQRAF

Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə və gənclərlə iş” mövzusunda təlim proqramının açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Gənclər Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca “Azərbaycan – sülh və harmoniya məkanı” videoçarxı nümayiş olunub.

Daha sonra gənclər və idman naziri Fərid Qayıbov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxış edərək gənclər siyasəti, dövlətin din siyasəti, milli-mənəvi dəyərlərin qorunması və dini maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

Təlim proqramı iki gün davam edəcək.

Qeyd edək ki, təlim proqramı Gənclər və İdman Nazirliyinin regional gənclər və idman idarələrinin, onların tabeliyində olan rayon, şəhər gənclər və idman sektorlarının gənclərlə işləyən əməkdaşları, eləcə də Gənclər Evi sosial xidmət müəssisələrinin metodistləri üçün keçirilir.