UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında yarımfinala yüksələn bütün komandalar müəyyənləşib.

Teleqraf xəbər verir ki, növbəti tura vəsiqə qazanan klubların gəlirləri bəlli olub.

Çempionlar Liqasının yarımfinalına yüksələn “Bavariya”, “Arsenal”, PSJ və “Atletiko Madrid” xəzinələrinə 15 milyon avro əlavə ediblər. “Bavariya” bu mövsüm 127,3 milyon avro gəlirlə liderdir. Onları 124,7 milyon avro ilə “Arsenal”, 120,9 milyon avro ilə PSJ və 104,2 milyon avro ilə “Atletiko Madrid” izləyir.

Avropa Liqasında "Aston Villa", "Frayburq", "Braqa" və "Nottinqem Forest" növbəti mərhələyə vəsiqə qazanıblar. Avropa Liqasının yarımfinalına yüksələn bu dörd komanda hərəsinə 4,2 milyon avro mükafat əldə ediblər. "Aston Villa" ümumilikdə 28 milyon avro, "Frayburq" və “Braqa” isə 25,6 milyon avro qazanıblar. Vitor Pereyranın rəhbərliyi altında çıxış edən "Nottinqem Forest" isə 24,1 milyon avro ilə Avropa Liqasında ən çox qazanan dördüncü komanda olub.

Arda Turanın rəhbərliyi altında "Şaxtyor Donetsk" Konfrans Liqasının yarımfinalına yüksəlib. Digər yarımfinalçılar "Strasburq", "Rayo Valyekano" və "Kristal Palas"dır. "Şaxtyor" bu mövsüm 14,1 milyon avro qazancla gəlir cədvəlinə başçılıq edir. "Strasburq" 14 milyon avro ilə ikinci pillədə yer alıb. Növbəti pillələrdə "Rayo Valyekano" (13,8 milyon avro) və "Kristal Palas" (13,4 milyon avro) qərarlaşıb. Konfrans Liqasının yarımfinalına yüksələn dörd komanda da 2,5 milyon avro mükafat qazanıb.